(1918, Şampeyn, ABŞ – 2002, Nyu-Heyvn, ABŞ)
Əsərləri: “İstehlak funksiyasının nəzəri və statistik tədqiqi” (1947), “Amerikan biznes inancı” (1961), “Milli iqtisadi siyasət” (1966), “İqtisadi esselər” (1971-1982), “Makroiqtisadiyyat” (1971), “Yeni iqtisadiyyatda keçmiş onillik” (1974), “Pul, kredit və kapital” (1998)
Ceyms Tobin XX əsrin məşhur amerikalı keynsçi iqtisadçılarından biri olmuşdur. Professor Tobinin tədqiqatları pul və maliyyə siyasəti də daxil olmaqla makroiqtisadiyyat sahəsində bir sıra əsas məsələlərə yönəlmişdir.
Tobinin ən əhəmiyyətli işi maliyyə bazarları ilə bağlı olmuşdur. O, maliyyə bazarlarının insanların istehlakı və investisiya qərarlarına necə təsir etdiyini izah edən nəzəriyyələr yaratmışdır.
İqtisadçı iddia edirdi ki, sadəcə faiz dərəcəsini və ya pul kütləsinin artım sürətini bilməklə monetar siyasətin istehsal və işsizliyə təsirini təxmin etmək olmaz. Onun fikrincə, monetar siyasət yalnız bir sahədə – kapital qoyuluşlarında effektiv olur və faiz dərəcələri kapital qoyuluşunda yeganə olmasa da, lakin mühüm amildir. O, kapital qoyuluşlarının artıb ya azalacağını təxmin etmək üçün meyar rolunu oynayan “Tobin q” konsepsiyasını irəli sürmüşdü. q aktivin bazar dəyərinin onun əvəzetmə dəyərinə nisbətini ifadə edir. Alim qeyd edirdi ki, əgər aktivin q-si 1-dən kiçikdirsə, yəni, aktivin dəyəri onun əvəzetmə dəyərindən azdırsa, onda buna bənzər aktivlərdə yeni investisiyalar gəlirli deyil. Digər tərəfdən, əgər q 1-dən böyükdürsə, onda bu, bənzər aktivlərdə yeni investisiyalar üçün bir siqnaldır, yəni yatırımlar gəlirli olacaqdır. Tobin iddia edirdi ki, onun təklif etdiyi q, gələcək sərmayə yatırımını proqnozlaşdırmaqla iqtisadiyyat üçün yaxşı proqnozlaşdırıcı olardı.
Tobinin maliyyə bazarlarında baş verən dəyişikliklərin korporasiyalara və fərdlərin investisiya qərarlarına təsirini təsvir edən “portfel seçimi” nəzəriyyəsi iqtisad elminə digər bir töhfəsidir. Bu nəzəriyyə riskləri minimuma endirməyə imkan verən müxtəlif növ qiymətli kağızların birləşməsini nəzərdə tutur. O iddia edirdi ki, investorlar portfellərində tarazlığa nail olmaq üçün yüksək riskli, yüksək gəlirli investisiyaları daha təhlükəsiz olanlar ilə balanslaşdırır. “Portfel seçimi” pul və fiskal siyasətin inflyasiya, məşğulluq, tələb və investisiya xərcləri kimi makroiqtisadi nəticələrə təsir göstərə biləcəyi ötürmə vasitəsi kimi xidmət edir. Ceymsin fikirləri maliyyə nəzəriyyəsində gələcək işlər üçün zəmin olmuşdur.
“Tobin vergisi” nəzəriyyəsinə görə, xarici valyutalarla əməliyyatlar üzrə 0,1%-0,25% olsa belə vergi qoyduqda, bu, transsərhəd valyuta spekulyasiyalarının verə biləcəyi ziyanı azaltmaqla və əksəriyyətini zərəsizləşdirməklə onları ciddi şəkildə məhdudlaşdıra bilər. Onun fikrincə, bu vergi il ərzində 150 milyard dollar gəlir gətirə bilər. Bu nəzəriyyə, həmçinin “Robin Hud vergisi” kimi də tanınır.
İqtisadçı həmçinin “Tobit model”i kimi tanınan endogen dəyişənlər üçün ekonometrik model də təklif etmişdir.
Bir çox digər iqtisadçılar kimi Tobin də inanırdı ki, dövlət tənzimlənməsi tez-tez zərərli təsirlərə gətirib çıxarır. Belə ki, pul və ya maliyyə siyasəti vasitəsi ilə dövlət müdaxiləsi işsizlikdən yarana biləcək çətinliklərin qarşısını almaqda kömək etməklə biznes-tsiklləri hamarlaya bilərdi. Onun fikrincə, sosial proqramların təmini sahəsində hökumət subsidiyaları iş axtarmaq meyli üçün maneədir.
P.S. Ceyms Tobinin atası jurnalist, anası isə sosial işçi olmuşdur. O, atasının məsləhəti ilə 1935-ci ildə Harvard Universitetinə qəbul imtahanı vermiş, heç bir xüsusi hazırlığı olmamasına baxmayaraq ora daxil olmuş, milli təqaüd ilə təmin edilmiş və orada iqtisadiyyat üzrə təhsil almışdır. Tobin hüquq və ya riyaziyyatı öyrənmək niyyətində olsa da, Con Meynard Keynsin əsərini oxuduqdan sonra iqtisadçı olmaq qərarını vermişdir. Sonralar müsahibələrindən birində iqtisadiyyatla “Böyük Depressiya” dövründə, yəni 1929-1933-cü illəri əhatə edən dövrdə maraqlanmağa başladığını demişdir.
O, Harvard Universitetini fərqlənmə ilə bitirmişdir. Belə ki, 1939-cu ildə bakalavr, 1940-cı ildə isə magistr dərəcəsinə yiyələnmişdir.
1941-ci ildə Yaponiyanın Perl-Harbora hücumundan sonra ABŞ hərbi dəniz donanmasına qoşulmuş, üç aylıq təlim kursu keçmiş, zabit rütbəsi ilə təltif edilmişdir. Müharibədən sonra Harvard Universitetində təhsilini davam etdirmiş və 1947-ci ildə iqtisadiyyat üzrə doktorluq dərəcəsini almışdır. Onun elmi rəhbəri Avstriya əsilli məşhur amerikalı iqtisadçı Yozef Şumpeter olmuşdur. 1950-ci ildən Yel Universitetində işləməyə başlamış, 7 il sonra orada professor adına yiyələnmişdir.
1946-cı ildə Ceyms Elizabet Fey Rinqo ilə ailə həyatı qurmuş və onların bu izdivacdan 4 övladı dünyaya gəlmişdir.
1961-ci ildən 1962-ci ilədək Prezident Con Fitscerald Kennedinin administrasiyası yanında İqtisadi Müşavirlər Şurasının 3 üzvündən biri olmuş, 1962-1968 illərdə isə məsləhətçi kimi fəaliyyət göstərmişdir. Burada o, Artur Okun, Robert Solou, Kennet Errou kimi iqtisadçılarla sıx əməkdaşlıq edərək, Kennedi rəhbərliyi tərəfindən həyata keçirilən keynsçi iqtisadi siyasətin layihələndirilməsinə kömək etmişdir. Həmin dövrdə yazılmasında yaxından iştirak etdiyi “yeni iqtisadiyyat” kimi tanınan sabitləşmə və artım siyasətləri haqqında bəyanat – Prezidentin İqtisadi Hesabatı ilə qürur duyurdu.
O, bir sıra hökumət və özəl təşkilatlarda çalışmışdır. Federal Ehtiyat Sisteminin Akademik Məsləhətçilərinin İdarə Heyətinin üzvü, ABŞ Xəzinədarlıq Departamentinin məsləhətçisi, ABŞ Maliyyə Nazirliyinin, Konqresin Büdcə Komitəsinin, Ford Fondunun müşaviri vəzifələrini daşımışdır. Tobin, həmçinin ABŞ Milli Elmlər Akademiyasının, Amerika Fəlsəfə Cəmiyyətinin, Amerika Elm və İncəsənət Akademiyasının üzvü kimi fəaliyyət göstərmişdir. 1958-ci ildə Ekonometrika Cəmiyyətinin, 1970-ci ildə Amerika İqtisadi Assosiasiyasının prezidenti seçilmişdir.
1955-ci ildə yaşı 40-a qədər olan nüfuzlu gənc iqtisadçılara verilən Con Beyts Klark medalı ilə təltif edilmişdir. Maliyyə bazarlarının vəziyyəti və onların xərclər sahəsində qərarların qəbulu siyasətinə, işsizlik, istehsal və qiymətlərə təsirinin analizinə görə 1981-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. 1990-cı ildə ona Adam Smit mükafatı, 1993-cü ildə İtaliya Respublikası Prezidentinin medalı təqdim edilmişdir.
Bütün karyerası boyunca iqtisadiyyatın öyrənilməsinin real dünya problemlərinə tətbiqini vacib hesab edən Tobinə görə, iqtisadiyyat həmişə siyasət yönümlü bir mövzu olmuşdur. Günün aktual siyasət məsələlərinə tətbiq edilmədikcə, istifadəsiz və maraqsız elm sahəsinə çevriləcəkdir.
Tobin bir sıra universitetlərin və kolleclərin fəxri elmi dərəcələrinə layiq görülmüşdür. Karyerası boyunca on altı kitab və dörd yüzdən çox məqalə yazmışdır. Professor, həmçinin qəzet və jurnallarda müxtəlif məqalələr də dərc etdirmişdir.
Tobin iqtisadi baxışlarında monetarizmin əleyhinə idi. Ceyms ABŞ prezidenti Ronald Reyqanın iqtisadi siyasətinin və 1980-ci illərdə Federal Ehtiyat Sistemi tərəfindən yürüdülən sərt maliyyə siyasətinin ən fəal tənqidçilərindən biri olmuşdur. O, Milton Fridmenın makroiqtisadi siyasət məsələlərinə dair tövsiyələrinin əleyhinə kəskin çıxışlar etmişdir.
Con Meynard Keynsin ən görkəmli və sadiq ardıcıllarından biri olan Ceymsin ən çox heyran olduğu ikinci iqtisadçı İrvinq Fişer idi.
Professor Tobin yüzlərlə aparıcı alim və ictimai xadimin məsləhətçisi olmuşdur. Dərs deməkdən zövq aldığını deyən alim, həm də tələbələrin özlərindən də yeni nələrisə öyrəndiyini qeyd edirdi. O, 84 yaşının tamam olmasından 6 gün sonra insultdan dünyasını dəyişmişdir.
Hazırladı:
Gülnarə Fətəliyeva, ETN İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin aparıcı elmi işçisi, i.f.d.





