Azərbaycanda iqtisad elminin inkişafına böyük töhvələr vermiş İqtisadiyyat İnstitutu çox şərəfli bir tarixi inkişaf yolu keçib. İqtisadiyyat İnstitutu əvvəllər SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı nəzdində 1935-ci ildə təşkil edilmiş İqtisadiyyat və Coğrafiya sektorunun, 1945-ci ildən isə Azərbaycan EA nəzdində fəaliyyət göstərmiş İqtisadiyyat sektorunun bazası əsasında 14 aprel 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılmışdır. Müstəqillik illərində AMEA-nın institutu kimi fəaliyyətini davam etdirmişdir.
“Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanı ilə AMEA-nın İqtisadiyyat İnstitutu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.
İnstitut fəaliyyətə başladığı dövrdə (1958-1960-cı illərdə) onun quruluşu 5 şöbədən - «Siyasi iqtisad və iqtisadi fikir», «Sənaye iqtisadiyyatı», «Kənd təsərrüfatının iqtisadiyyatı», «Sosialist istehsalının yerləşdirilməsi» və «Xalq təsərrüfatı tarixi»ndən ibarət olub. Sonrakı dövlərdə (1961-1965, 1966-1970, 1971-1985, 1986-1990-cı illər) institutda aparılan elmi-tədqiqat işləri bütünlüklə götürüldükdə keçmiş İttifaq və Respublikanın hökümət və dövlət orqanları tərəfindən müəyyən edilmiş həmim dövrlərin mühüm iqtisadi problemlərinin və dövlət tapşırıqlarının yerinə yetirilməsinə yönəldilmişdir.
70-80-cı illərdə İqtisadiyyat İnstitutunda yerinə yetirilmiş elmi-tədqiqat işlərinin səviyyəsini xarakterizə edən ən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, bu dövrdə institut əməkdaşlarının 23 elmi nəticəsi keçmiş SSRİ EA-nın Rəyasət Heyəti tərəfindən Sovet elminin ən mühüm nailiyyətləri kimi qiymətləndirilərək SSRİ EA Rəyasət Heyətinin Hesabatına daxil edilmişdir.
1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqillik qazanması ilə yanaşı bazar iqtisadiyyatına keçid ölkəmizin iqtisadiyyatının və iqtisad elminin inkişafı sahəsində də yeni mərhələnin başlanğıcı olmuş, habelə İqtisadiyyat İnstitutu qarşısında yeni dövrün tələblərinə uyğun vəzifələr qoymuşdur. Müstəqillik illərində İqtisadiyyat İnstitutu Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində uğurlu və samballı elmi-tədqiqat işləri yerinə yetirmiş, peşəkar milli kadrların, iqtisadçı alimlərin yetişdirilməsində mühüm xidmətlər göstərmişdir.
İnstitutda uzun illərdən bəri fəaliyyət göstərən İxtisaslaşdırılmış Doktorluq və Namizədlik Dissertasiya Şuralarında 900-dan çox namizədlik və 100-dən artıq doktorluq dissertasiyası müdafiə olunmuşdur. 1500-dən çox monoqrafiya və kitab nəşr edilmişdir.
2018-ci il oktyabrın 18-də AMEA-nın əsas binasında İqtisadiyyat İnstitutunun 60 illik yubiley tədbiri keçirilmişdir. İclasda AMEA rəhbərliyi ilə yanaşı, Hökumət və Milli Məclisin üzvləri, AMEA institutlarının rəhbərləri və əməkdaşları, ali məktəb rektorları, tanınmış iqtisadçı alimlər, xarici ölkələrdən – Çin, Gürcüstan, Ukrayna, Qazaxıstan, Rusiya və Qırğızstandan qonaqlar iştirak etmişlər.
Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 16 oktyabr tarixli Sərəncamları ilə iqtisad elminin inkişafındakı xidmətlərinə görə İqtisadiyyat İnstitutunun 7 əməkdaşı - 5 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, 2 nəfər isə “Tərəqqi” medalı ilə təltif ediliblər. Bunlarla yanaşı, İnstitutun daha 20-yə yaxın əməkdaşı məhsuldar elmi fəaliyyətləri nəzərə alınaraq AMEA İctimai Elmlər Bölməsinin “Fəxri Fərman”ı ilə təltif ediliblər.
Çin Sosial Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun professoru Pei Çanhunqa, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, professor Vladimer Papava, Latviya Universitetinin professoru İnna Şteinbuka İqtisadiyyat İnstitutunun Fəxri doktorlarıdır.
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun tərkibində 12 elmi şöbə, 1 elmi mərkəz, habelə inzibati şöbələr fəaliyyət göstərir:
“İqtisadi siyasətin nəzəri əsasları” şöbəsi
“Monetar və fiskal tənzimləmə problemləri” şöbəsi
"Aqrar sektorun iqtisadi problemləri” şöbəsi
“Sənaye siyasəti və investisiya problemləri" şöbəsi
“Demoqrafiya və məşğulluq problemləri” şöbəsi
“Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” şöbəsi
“Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı” şöbəsi
“İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsi
“İnklüziv sosial inkişaf» şöbəsi
“Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsi
“Xidmət sferasının iqtisadiyyatı” şöbəsi
“İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsi
Elmi Mərkəz:
Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi
İnzibati şöbələr:
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Kadrlar şöbəsi
Təchizat və sənədlərlə iş şöbəsi
Mühasibatlıq
Kitabxana
İnstitutun əsas fəaliyyət istiqamətləri Azərbaycanın müstəqil milli iqtisadiyyatının sosial-iqtisadi inkişaf problemlərinin fundamental tədqiqi, makroiqtisadi inkişaf problemləridir.
Azərbaycanda fundamental və tətbiqi iqtisadi araşdırmaların əsas mərkəzlərindən biri olan İqtisadiyyat İnstitutunda 2024-2025-ci illərdə elmi-tədqiqat istiqaməti - "Orta və uzunmüddətli dövrdə Azərbaycanda sosial-iqtisadi inkişafın milli prioritetlərinin reallaşdırılması istiqamətləri" olmuşdur. 2026-2027-ci illərdə isə “Azərbaycan Respublikası iqtisadiyyatının struktur transformasiyasının istiqamətləri” mövzusunda elmi tədqiqatlar yerinə yetiriləcək.
İqtisadiyyat İnstitutu müxtəlif dövlət proqramlarının hazırlanmasında və icrasında iştirak edir, hökumət qurumları tərəfindən yaradılmış müxtəlif işçi qruplarına ekspertlər səviyyəsində daxil edilib. İnstitutun alimləri Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin işçi qruplarında təmsil olunurlar.
2015-2025-ci illərdə İnstitutda aparılan elmi-tədqiqat işlərinin nəticələri ilə bağlı elmi əməkdaşlar tərəfindən 91 monoqrafiya, 2064 məqalə, o cümlədən 604 əsər xaricdə (219 impakt faktorlu jurnallarda) nəşr olunmuşdur. İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında 90 fəlsəfə doktoru, 13 elmlər doktoru dissertasiya işi müdafiə edilmişdir.
İqtisadiyyat İnstitutunda 163 nəfər çalışır. İnstitutut əməkdaşlarından 2 nəfəri AMEA-nın müxbir üzvü, 21 nəfəri elmlər doktoru, 48 nəfəri iqtisad üzrə fəlsəfə doktoru, 44 nəfəri elmi işçidir.
İqtisadiyyat İnstitutu yarandığı 1958-ci ildən 1964-cü ilədək onun direktoru vəzifəsində iqtisad elmləri namizədi H.T.Hüseynov, 1964-1989-cu illərdə akademik Ə.Ə.Mahmudov, 1991-1998-ci illərdə AMEA-nın müxbir üzvü A.K.Ələsgərov, 1999-cu ilin yanvarından 2008-ci ilin iyun ayına kimi AMEA-nın müxbir üzvü, i.e.d. professor Ş.M.Muradov, 2008-ci ilin iyun ayından 2014-cü ilin may ayına kimi i.e.d., professor İ.H.Alıyev çalışmışlar. 2014-cü ilin may ayından İnstituta i.e.d., professor Nazim Müzəffərli (İmanov) rəhbərlik edir.





