(1915, Kastri, Sent-Lüsiya - 1991, Brictaun, Barbados)
Əsərləri: “Vest-Hinddə əmək” (1939), “Müasir iqtisadi problemlər” (1940), “Britaniya sənayesində inhisar” (1945), “İqtisadi planlaşdırmanın prinsipləri” (1949), “İqtisadi artım nəzəriyyəsi” (1955), “Qeyri-məhdud əmək haqqında düşüncələr” (1968), “Beynəlxalq iqtisadi nizamın təkamülü” (1977), “Artım və dalğalanmalar, 1870-1913-cü illər” (1978), “İkili iqtisadiyyata yeni baxış” (1979)
Artur Lyuis XX əsrin tanınmış ingilis iqtisadçılarından olmuşdur. Lyuisin işləri, əsasən, üç tədqiqat sahəsini əhatə etmişdir: dünya iqtisadi tarixi və iqtisadi inkişaf, sənaye iqtisadiyyatı və inkişaf etməkdə olan ölkələrin iqtisadi problemləri.
Alim inkişaf etməkdə olan ölkələrdə artıq əmək təklifi ilə dualistik iqtisadiyyatın (məsələn, müasir və ənənəvi, sənaye və kənd təsərrüfatı, yaxud şəhər və kənd və s.) iqtisadi inkişafının neoklassik modeli – “Lyuis modeli”nin müəllifidir. Model bir sektorda həddindən artıq əməyi digər sektorda artım və bütövlükdə iqtisadi artım üçün əsas kimi nəzərdən keçirir. Modeldə inkişaf etməkdə olan ölkələrin artımı ənənəvi yaşayış sektorundan müasir sənaye sektoruna əmək axını ilə izah edilir. O göstərirdi ki, iqtisadiyyatın modernləşdirilməsi üçün aqrar sektordan sənaye sektoruna resursların yenidən bölüşdürülməsi prosesi zəruridir.
İnkişafın ilkin mərhələsində ənənəvi sektordan işçi qüvvəsinin “qeyri-məhdud” tədarükü o deməkdir ki, kapitalist sektoru əmək haqqının artırılmasına ehtiyac olmadan bir müddət genişlənə bilər. Bu, kapitala daha çox gəlir gətirir. O da öz növbəsində, kapitalın toplanmasına, yenidən investisiya edilməsinə imkan yaradır. Eləcə də, kapital fondunun artması “kapitalistləri” ənənəvi sektordan əlavə işçi qüvvəsi cəlb edərək məşğulluğu genişləndirməyə sövq edir. İki sektorlu iqtisadiyyatların inkişafının sonrakı mərhələlərində artıq əmək təklifi tükəndikdə, əlavə işçi qüvvəsi yalnız əmək haqqının artırılması hesabına cəlb edilir. Bütün bunlar da, modernləşməyə və iqtisadi inkişafa gətirib çıxarır.
İqtisadçıya görə, üçüncü dünya ölkələrində çoxlu sayda savadsız kənd təsərrüfatı işçiləri vardır. Əgər təlim keçsələr, bu işçilər nisbətən aşağı xərclərlə ticarət və istehsalın inkişaf edən sahələrində işlə təmin oluna bilərlər.
Kasıb ölkələrdə xarici ticarətin iqtisadi tərəqqiyə təkan verə bilməsi fikri ilə razılaşmayan və eyni zamanda, xarici investisiyalara da çox şübhə ilə yanaşan Artur
sənaye investisiyalarının maliyyələşdirilməsinin və xalq təhsilinə, yəni “insan kapitalına” böyük sərmayələrin qoyulmasının tərəfdarı idi.
Lyuisin iqtisadi inkişaf nəzəriyyəsinin mərkəzi nöqtəsi inkişaf etməkdə olan ölkələrin milli gəlirlərinin təqribən 4% və ya 5%-dən qısa müddət ərzində yığım dərəcəsini 15%-ə çatdıra biləcək prosesin öyrənilməsi idi. O göstərirdi ki, bu proses əsasən kifayət qədər yüksək mənfəətlə sənaye sektorunun genişləndirilməsindən ibarət olmalıdır. Həmçinin təhsilə böyük sərmayələrin qoyulmasını zəruri hesab edirdi. İqtisadi inkişafın ilkin şərtləri kimi iqtisadi infrastrukturun, nəqliyyat və kommunikasiya şəbəkələrinin yaradılmasının vacibliyini də vurğulamışdır. Yalnız belə əlverişli şəraitdə həm regional, həm də qlobal ticarət inkişaf edəcəkdir.
Lyuisin fikrincə, ən zəif inkişaf etmiş ölkələr öz iqtisadi artımı üçün artıq inkişaf etmiş ölkələrdən asılı qalmamalıdırlar. Regional ticarəti genişləndirməklə onlar son nəticədə öz inkişaflarını sürətləndirə bilərlər.
İqtisadçı iddia edirdi ki, iqtisadi artım inkişaf etməkdə olan ölkələrin əhalisinin həyat səviyyəsinin yaxşılaşmasına kömək edir, lakin bu, xüsusilə də çox tez baş verdiyi təqdirdə, cəmiyyətin mədəni əsaslarını da sarsıda bilər.
Artur iqtisadi artıma həm iqtisadi, həm də sosial inkişaf da daxil olmaqla geniş perspektivdən yanaşmışdır. Qarışıq iqtisadiyyatın tərəfdarı kimi “mülkiyyətin toxunulmazlığını” iqtisadi inkişafın ən mühüm şərti olaraq qəbul edirdi. O, normal artım tempinin ildə 3% olması fikrini irəli sürmüşdür.
Alim iqtisadi artımın həmişə arzuolunan olması ilə bağlı əvvəllər hesab edilən təkzibedilməz müddəanı şübhə altına alan ilk iqtisadçılardan biri olmuşdur. O, bütövlükdə dünya iqtisadiyyatının təkamülünün tərəfdarı idi.
P.S. Artur Lyuis vaxtilə Britaniyanın müstəmləkəsi olan, Karib dənizinin şərq hissəsində, Vest-Hind adlanan ərazidə yerləşən Sent-Lüsiya adasında anadan olmuşdur. O, ailədə beş oğlan övladından dördüncüsü idi. Məktəb müəllimi işləyən valideynləri Antiqualı mühacirlər olub. Artur 7 yaşında olarkən atası ölmüş və anası onları tək böyütmüşdür. İstedadlı şagird olmuş, orta təhsilini Sent-Lüsiyada almış, 14 yaşında kolleci bitirmiş, sonra bir müddət kargüzar işləmişdir.
Həmin dövrdə Britaniya hökumətinin müstəmləkələrində gənc qaradərililər dövlət dəstəyi olmadan dolanmaq üçün yalnız hüquq və ya tibb sahəsini seçə bilərdilər. Nə hüquqşünas, nə də həkim olmaq istəməyən Artur mühəndis olmaq istəyirdi. Lakin bu da mənasız görünürdü, çünki nə dövlət, nə də özəl firmalar qara dərili mühəndisi işə götürmürdülər. Nəhayət, bələdiyyə xidmətində və ya özəl ticarətdə işləmək üçün Sent-Lüsiyaya qayıtmağı planlaşdıraraq biznesin idarə edilməsi üzrə təhsil almağa qərar vermişdir.
18 yaşında olarkən London İqtisadiyyat Məktəbinə daxil olmuşdur. Orada təhsil almaq üçün dövlət təqaüdü qazanmış ilk qaradərili şəxs idi. 3 il sonra kommersiya üzrə bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1940-cı ildə orada doktorluq dərəcəsi almışdır. Mançester və Prinston Universitetlərinin professoru kimi fəaliyyət göstərmişdir Mançester Universitetində dərs deyərkən həm də Britaniyanın ilk qaradərili mühazirəçisi olmuşdur. Alim 12 monoqrafiyanın, 10 rəsmi məruzənin, 70-dən çox məqalənin müəllifi idi.
ABŞ-da qaradərili əhalinin vəziyyətinə böyük maraq göstərən Lyuis Amerika universitetlərində qaradərililər üçün mühazirə kurslarının tətbiqi məsələsini qaldırmışdır. Çünki o, təhsilin tərəqqiyə aparan yol olduğuna inanırdı.
1947-ci ildə Lyuis sonradan heykəltəraş olan Qledis Ceykobsla ailə həyatı qurmuş və onların bu evlilikdən iki qızı dünyaya gəlmişdir.
Nigeriya, Qana, Trinidad və Tobaqo, Yamayka və Barbados da daxil olmaqla çoxsaylı Afrika və Karib hövzəsi hökümətlərində iqtisadi məsləhətçi olaraq işləmişdir. 1957-ci ildə Qana müstəqillik qazandıqda, Lyuis ölkənin ilk iqtisadi müşaviri təyin edilmişdir. Ölkənin ilk Beşillik İnkişaf Planının (1959-1963) hazırlanmasına kömək etmişdir.
İkinci Dünya Müharibəsi illərində Əmək haqqı komissiyasında və Müstəmləkə İşləri Nazirliyində çalışmışdır. 1951-1973-cü illərdə BMT-nin inkişaf etməkdə olan ölkələr üzrə ekspertlər qrupunun üzvü olmuşdur. 1970-1973-cü illərdə qurulmasına kömək etdiyi Karib İnkişaf Bankının prezidenti vəzifəsini icra etmişdir.
Artur bir sıra mükafatlara layiq görülmüşdür. Belə ki, 1963-cü ildə əldə etdiyi nailiyyətlərə və iqtisadiyyata verdiyi töhfələrə görə Britaniya hökuməti tərəfindən ona cəngavər rütbəsi verilmişdir. Amerika, Avropa və Afrikanın 20 universitetinin fəxri doktoru idi.
Lyuis 1962-ci ildə Amerika İncəsənət və Elmlər Akademiyasına, 1966-cı ildə Amerika Fəlsəfə Cəmiyyətinə üzv seçilmişdir. London İqtisadiyyat Məktəbinin fəxri üzvü, 1966-1973-cü illərdə Qana Universitetinin fəxri prezidenti olub. 1983-cü ildə Amerika İqtisadi Assosiasiyasının prezidenti təyin edilib. Həmçinin, Britaniya Elmlər Akademiyasının müxbir üzvü, Kral İqtisadiyyat Cəmiyyətinin şurasının üzvü, Qana İqtisadiyyat Cəmiyyətinin prezidenti kimi də fəaliyyət göstərmişdir.
1979-cu ildə “inkişaf etməkdə olan ölkələrin problemlərinə tətbiq edilən iqtisadi inkişaf sahəsində qabaqcıl tədqiqatlara görə” iqtisadiyyat üzrə Nobel mükafatı ilə təltif edilmişdir. O, bu mükafata Teodor Şults ilə birlikdə layiq görülmüşdür. Bu mükafatı alan ilk qaradərili şəxs idi.
76 yaşında vəfat edən alim onun adını daşıyan Sent Lüsiya İcma Kollecinin ərazisində dəfn edilmişdir.
Hazırladı:
Gülnarə Fətəliyeva, ETN İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin aparıcı elmi işçisi, i.f.d.





