Dekabrın 12-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. Baş direktor, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən toplantıda bir sıra məsələlər müzakirə olunmuşdur.
Prof. N.Müzəffərli müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyətindən, dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən, görkəmli dövlət xadimi kimi Azərbaycan dövlətçiliyi tarixindəki rolundan danışıb, Ulu Öndərin xatirəsinə dərin ehtiramını ifadə edib.
Prof. N.Müzəffərli Elmi Şuranın üzvləri adından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış İqtisadiyyat İnstitutunun iki əməkdaşını - böyük elmi işçilər Vəfa Həşimova və Elnur Zeynalovu təbrik edib.
Elmi Şurada Monetar və fiskal tənzimləmə problemləri şöbəsinin müdiri, i.e.d. Yaşar Məmmədov “Rəqəmsal maliyyə xidmətləri” adlı bülletenin əsas məzmunu ətrafında təqdimatla çıxış edib. Məruzəçi rəqəmsal maliyyə xidmətləri sahəsində beynəlxalq trendlər, Azərbaycanda milli ödəniş sistemi və rəqəmsal ödəniş xidmətləri bazarının inkişafı, elektron ticarətin inkişafı meyilləri və s. barədə danışıb. Mövzu ətrafında müzakirələr aparılıb və bülleten çapa tövsiyə olunub.
Elmi Şurada 2024-cü ilə İqtisadiyyat İnstitutunun doktorantura və dissertanturasına qəbul olmuş doktorant və dissertantların mövzularının hər biri geniş müzakirə edilərək təsdiq olunub, elmi rəhbərləri müəyyənləşdirilib. Müzakirələrdə doktorant və dissertantlar özləri də iştirak ediblər.
Sonra İnklüziv sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Jalə Əliyevanın “Kənd əhalisinin həyat səviyyəsi: inklüziv inkişafa doğru” monoqrafiyası müzakirələrdən sonra çapa tövsiyə edilib.
Elmi Şurada İnstitutun Elmi katibi, i.e.d. Leyli Allahverdiyeva İnklüziv sosial inkişaf şöbəsinin müdiri, i.e.d. Rəsmiyyə Abdullayevaya “Professor” elmi adının verilməsi ilə bağlı təqdimat verib. Prof. N.Müzəffərli bildirib ki, “Rəsmiyyə Abdullayeva Azərbaycanın tanınmış, yüksək səviyyəli iqtisadçılarından biridir. Sosial problemlərin, iqtisadiyyatın sosial nəticələrinin və bütövlükdə sosial həyatın ən mürəkkəb problemləri üzrə tanınmış mütəxəssisdir. Yəqin hamı mənimlə razılaşar ki, Rəsmiyyə xanım professor adı almağa bizim çoxumuzdan daha artıq layiqdir. Bu adın təqdimatının məhz bu gün olması yalnız onunla bağlıdır ki, Ali Attestasiya Komissiyası professor elmi adının verilməsi üçün şərtlər müəyyənləşdirib və həmin şərtlər də məhz indi ödənilir”. Sonra gizli səsvermə yolu ilə İnklüziv sosial inkişaf şöbəsinin müdiri, i.e.d. Rəsmiyyə Abdullayevaya “Professor” elmi adının verilməsi ilə bağlı qərar qəbul edilib.





