(1910, London, Böyük Britaniya – 2013, Çikaqo, ABŞ)
Əsərləri: “Firmanın təbiəti” (1937), “Sosial xərc problemi” (1960), “Davamlılıq və inhisar”(1972), “İqtisadiyyatda mayak” (1974), “İqtisadiyyat və əlaqəli fənlər” (1978), “Yeni institusional iqtisadiyyat” (1984), “Firma, bazar və hüquq” (1988), “İqtisadiyyat və iqtisadçılar haqqında esselər” (1994), “İstehsalın institusional strukturu” (2011), “Çin necə kapitalist oldu” (2012)
Ronald Kouz XX əsrin tanınmış iqtisadçılarından olmuşdur. Onun ilk tədqiqat layihəsinin mövzusu firmalar və onların təbiəti ilə bağlı olub. İqtisadçı qısa və çox təsirli şəkildə inkişaf etmiş iqtisadiyyatda nə üçün önəmli iqtisadi fəaliyyətlərin şirkətlərin öhdəliyinə düşdüyünü araşdırıb. Kouzun tədqiq etdiyi məsələ ondan ibarət idi ki, niyə istehsal fərdlər tərəfindən heç bir xüsusi təşkilatçılıq olmadan həyata keçirilə bildiyi halda şirkətlər meydana gələrək bu funksiyanı yerinə yetirməyə başlamışdır. Alim düşünürdü ki, müasir şirkətlərin mövcudluğunun başlıca səbəbi təşəbbüskarların meydana çıxaraq digər işçilərə onlar üçün işləməyi təklif etməsidir. O, nə üçün təşəbbüskarların digər şəxsləri tək bir funksiyanı yerinə yetirmək üçün razılaşmadığını, amma ümumi bir xidmət razılaşması ilə işə götürdüyünü açıqlamasının vacibliyini müdafiə edirdi.
Kouza görə, əməliyyat (tranzaksiya) xərcləri sövdələşmənin yerinə yetirilməsi ilə bağlı xərclərdir. Bazar və firmadaxili xərclər fərqləndirilir. Bazar əməliyyat xərcləri cari qiymətlər barədə informasiyaların axtarışının zəruriliyi ilə bağlıdır. İqtisadçı bazarın istifadə olunmasının bəzi əməliyyat xərcləri tələb etdiyini görmüşdü. Bazar yolu ilə əmtəənin ya da xidmətin əldə edilməsi nəticəsində həmin əmtəə və ya xidmət bazar qiymətindən yuxarı olur. Firmanın əmtəə və ya xidməti əldə etməsi üçün bazar qiyməti ilə bərabər əlavə xərcləri də qarşılaması lazım gəlir. Əgər şirkət əmtəə və xidmət istehsal edəcək şəxsləri işə götürüb istehsalı firma daxilində həyata keçirərsə, bu əlavə əməliyyat xərcləri azalacaq, hətta yox olacaqdır. Beləliklə, şirkəti bu əməliyyat xərclərini azaldan bir qurum olaraq görmək olar. Ronalda görə, şirkət müəssisə daxilində həyata keçirilən və müəssisə tərəfindən öhdəliyə götürülən daxili əməliyyat xərcləri ilə müəssisə xaricində olan müqaviləyə bağlı əməliyyatların xərcləri arasında uyğun bir optimal tarazlıq yaratmağa çalışır.
İqtisadçı tərəfindən sənaye bazarları ilə bağlı kəşf edilən mühüm xüsusiyyət “Kouz fərziyyəsi” adlanan nəzəriyyədir. Bu nəzəriyyəyə görə, əgər bazarda mallar (və ya onun ehtiyatı) məhdud deyilsə, onda inhisarçı istehsalçı malları mükəmməl rəqabət bazarının qiymətinə, yəni sıfır mənfəətlə satmağa məcburdur. İstehlakçılar malların həcminin məhdud olmadığını və inhisarçının qiyməti azaltmaq məcburiyyətində qalacağını bildiklərindən gözləmə mövqeyində dururlar. Buna cavab olaraq, inhisarçı istehlakçıları inandırmağa çalışa bilər ki, onlar ucuz bir məhsul gözləməyəcəklər, məsələn, bunun üçün o, satılmayan malların bəzilərini nümayişkaranə şəkildə məhv edə bilər.
“Kouz teoremi” xarici təsirlərin mövcudluğunda iqtisadi bölgü və ya nəticənin iqtisadi səmərəliliyini təsvir edir. Teoremə əsasən, əgər xarici təsirlə ticarət mümkündürsə və tranzaksiya xərcləri olmadıqda və ya kifayət qədər aşağı olduqda,
mülkiyyət hüquqlarının ilkin bölüşdürülməsindən asılı olmayaraq, hökumətin tənzimləmə, vergitutma və ya subsidiya yolu ilə həllini tətbiq etməsinə ehtiyac olmadan, kənardan yaranan hər hansı iqtisadi münaqişənin səmərəli həlli əldə edilə bilər.
P.S. İngilis əsilli akademik Ronald Kouzun atası İngilis Krallıq poçt idarəsində teleqraf kimi çalışmışdır. Anası da ailə qurana qədər eyni vəzifədə işləmişdir. Valideynlərinin hər ikisi 12 yaşına qədər məktəb oxusa da, tam savadlı idilər. Elmə heç bir marağı olmasa da, onların maraqları idmana olub.
Ailənin yeganə övladı olan Ronald uşaqlıqda idmanla məşğul olurdu, lakin daha çox intellektual məşğuliyyətlərə meyl göstərirdi. Ədəbiyyata güclü həvəsi olmuş və əlinə keçən müxtəlif kitabları oxumuşdur. Tez-tez evdə tək qalmalı olan Ronald şahmat oynamağı öyrənəndə özünə qarşı oynayırdı və bu, ona böyük həzz verirdi.
Uşaq olarkən ayaqlarındakı zəifliyə görə xüsusi dəmir protezlərdən istifadə etmiş və ilk olaraq əlillər üçün nəzərdə tutulmuş məktəbdə oxumuşdur. London İqtisadiyyat Məktəbində təhsil aldığı dövrdə Adam Smitin əsərlərini diqqətlə tədqiq etmiş, bunun nəticəsində iqtisadi və siyasi düşüncələri sosializmdən liberalizmə dəyişmişdi. O, doktorluq dərəcəsinə də məhz London İqtisadiyyat Məktəbində yüksəlmişdir.
Ronald həyatının çox hissəsini ABŞ-da yaşamışdır. Buffalo, Çikaqo və Virciniya Universitetlərində dərs demişdir.
“İqtisadiyyatın institusional strukturu və fəaliyyəti üçün əməliyyat xərclərinin və mülkiyyət hüquqlarının əhəmiyyətinin aşkar edilməsinə və aydınlaşdırılmasına görə” 1991-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. O, bu mükafatı 81 yaşında almışdır.
Kouz 80 ildən çox məhsuldar alim olaraq fəaliyyət göstərmişdir. O, “Hüquq və İqtisadiyyat” jurnalının redaktoru olmuşdur. Bir müddət Filadelfiya Cəmiyyətinin müvəkkili vəzifəsində də çalışmışdır. Mont Pelerin Cəmiyyətinə, Britaniya Akademiyasına, Avropa Akademiyasına və Amerika İncəsənət və Elmlər Akademiyasına üzv seçilmişdir. Beynəlxalq Yeni İnstitusional İqtisadiyyat Cəmiyyətinin (1996-1997-ci illərdə) prezidenti olmuşdur. 2000-ci ildə dünyadakı gənc alimlərə öz ölkələrindəki mühüm iqtisadi problemləri araşdırmaqda kömək etmək üçün Ronald Kouz İnstitutunu təsis etmişdir. 2013-cü ildə, ölümündən bir müddət əvvəl o, 2014-cü ildə nəşrə başlayan “İnsan və İqtisadiyyat” adlı yeni akademik jurnalın təməlinin qoyulmasına kömək etmişdir.
Ronald çoxsaylı fəxri dərəcələrlə, mükafatlarla təltif edilmişdir. Köln, Yel, Vaşinqton, Dandi, Bukinqem və Paris Universitetlərində fəxri doktorluq dərəcəsi almışdır. O, bütün siyasi spektrlər tərəfindən təriflənirdi. Məsələn, “Slate” jurnalı onu “dünyanın ən görkəmli iqtisadçılarından biri”, “Forbes” isə “Çikaqo Universitetinin bir çox böyük iqtisadçıları arasında ən böyüyü” adlandırmışdır. “The Washington Post”da alimin səkkiz onillik ərzindəki fəaliyyətini “ümumiləşdirmək mümkün deyil” yazılmışdır.
Ronaldın tədqiqat işlərinin fərqləndirici xüsusiyyəti fikirlərini açıq-aşkar və çox anlaşıqlı bir şəkildə meydana çıxarması və xüsusən də qarışıq riyazi modellərdən istifadə etmədən təkmilləşdirməsindədir. Uzun akademik karyerası ərzində Ronald 1 kitab və 18 məqalə nəşr etdirmişdir, lakin onlardan yalnız ikisi ona məşhurluq qazandırmışdır. 1966-1980-ci illər aralığında akademik jurnallarda “Firmanın təbiəti” adlı məqaləsinə 169 dəfə, “Sosial xərc problemi” məqaləsinə isə 661 dəfə istinad edilmişdir.
“Kouz teoremi” ifadəsini amerikalı iqtisadçı, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Corc Stiqler işlətmişdir.
Əldə etdiyi nailiyyətlərə baxmayaraq, Kouz uğurları ilə öyünən biri deyildi. Həyatda uğur qazanmasına səbəb olan bütün hadisələrin təsadüfən başına gəldiyini bildirmişdir. Özünü “təsadüfi iqtisadçı” adlandıran alim ilk olaraq seçdiyi tarix ixtisası üçün latın dili ilə bağlı tələblərə cavab verməməsi, daha sonra kimya üzrə ixtisaslaşaraq elmi dərəcə almaq üçün tələb olunan riyaziyyatın onun zövqünə uyğun olmaması səbəbindən sonda iqtisadiyyat üzrə təhsil almağa başladığını qeyd etmişdir.
Kouz 1937-ci ildə çikaqolu violonçel ifaçısı və müəllim Marian Rut Hartunq ilə ailə həyatı qurmuşdur. Uşaq sahibi ola bilməmələrinə baxmayaraq, cütlük 75 il birgə yaşamışdır. Bu Ronaldı uzun evlilik həyatı yaşamış Nobel mükafatı laureatlarından birinə çevirmişdir.
Kouz ən uzunömürlü iqtisadçılardan olmuş, ömrünün 103-cü ilində dünyasını dəyişmişdir. Həyat yoldaşı iqtisadçıdan bir il əvvəl, 2012-ci ildə vəfat etmişdir.
Hazırladı:
Gülnarə Fətəliyeva, ETN İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin aparıcı elmi işçisi, i.f.d.





