(1943, Montkler, ABŞ)
Əsərləri: “Əmək bazarı siqnalı” (1973), “Siqnallara rəqabətli və optimal cavablar: səmərəliliyin və paylanmanın təhlili” (1974), “Bazar siqnalları: işə götürmə və əlaqədar yoxlama prosesləri zamanı məlumatın ötürülməsi” (1974), “Açıq iqtisadiyyatda sənaye təşkilatı” (1980), “İnvestisiya bankçılığının rəqabətli strukturu” (1983), “Açıq iqtisadiyyatda rəqabət” (1990) “Növbəti yaxınlaşma: çox sürətli dünyada iqtisadi artımın gələcəyi” (2011)
Dövrümüzün məşhur amerikalı iqtisadçılarından biri Maykl Spensdir. Spensin iqtisadiyyat elminə töhfəsi təklif etdiyi əmək bazarında siqnallaşdırma modelidir. İqtisadçıya görə, əmək bazarı assimetrik informasiyalı bazar kimi çıxış edir, çünki işəgötürənlər işçinin məhsuldarlığı haqda işçilərin özləri ilə müqayisədə daha az məlumatlıdırlar. Bu baxımdan işəgötürənlər işçilərin məhsuldarlığını xarakterizə edən illik informasiyanı əldə etməyə çalışırlar. Bu tip informasiya siqnal adlandırılır. Əmək bazarında başlıca siqnal kimi təhsil müddəti (səviyyəsi) çıxış edir.
Əgər işçinin məhsuldarlığı onun təhsil səviyyəsi ilə müəyyənləşdirilmiş olsaydı, onda təhsil haqqında şəhadətnamə yeni işçilərin işə qəbulu zamanı bütün qeyri-müəyyənlikləri aradan qaldırmış olardı və beləliklə də, əmək bazarında informasiya assimetriyası baş verməzdi. Lakin real həyatda əmək məhsuldarlığının təhsil səviyyəsindən asılılığı heç də hər zaman müşahidə olunmur, hətta bəzi iqtisadçılar, ümumiyyətlə, bunu inkar edirlər. Buna baxmayaraq işçinin təhsilini bazar siqnalı kimi aktiv şəkildə istifadə etməyə davam edirlər. Niyə görə?
Bu suala cavab olaraq Spens öz modeli ilə sübut edir ki, təhsil haqqında siqnalın təsiri məhsuldarlıq və təhsil müddətinin qarşılıqlı əlaqəsi deyil, təhsilə çəkilən xərclərlə işçinin bacarıqlarının qarşılıqlı əlaqəsinə əsaslanır. Eyni səviyyəli təhsili almaq üçün bacarıqlı insan bacarıqsıza nisbətən daha az vəsait sərf edir. Belə ki, o, ali məktəbin ödənişsiz bölməsinə daxil ola bilər və yaxud ictimai təşkilatlar və həmçinin bu işdə maraqlı olan işəgötürənlər arasında özünə sponsor tapa bilər. Bundan başqa, o, dərslik vəsaitlərinin mənimsənilməsinə, əlavə ədəbiyyatın alınması və repetitorlara etdiyi ödənişlər üçün daha az vaxt və güc sərf edir. Nəhayət, bacarıqlı işçinin daha az mənəvi məsrəfləri vardır, çünki təlim prosesi ona çox böyük zövq verir. Əksinə olaraq, bacarıqsız işçi təlim prosesində özündə neqativ emosiyalar hiss edir.
Ehtimal edilir ki, eyni təhsilə yönəlmə bacarıqlı və bacarıqsız işçilərin aldığı əmək haqlarına bərabər miqdarda əlavəni təmin edir. Belə çıxır ki, bu işçilər fərqli məqsədlərə baxmayaraq eyni iqtisadi nəticəni əldə edirlər. Aydın məsələdir ki, xərc-nəticə nisbəti bacarıqlı işçinin xeyrinədir. Hesab olunur ki, insan öz təhsilini davam etdirməklə bağlı qərar verərkən mütləq rasionallıqdan çıxış edir, yəni bu qərarı o, maddi səmərə meyarına əsasən qəbul edir. O, təhsil almağa o halda başlayacaqdır ki, gözlənilən iqtisadi səmərə sərf olunmuş vəsaitləri üstələmiş olsun.
Təhsilin marjinal səviyyəsi aşağıdakı iki əsas şərtə cavab verən işçinin təhsil müddətidir: 1) təhsil bacarıqlı işçiyə tam sərfəlidir, yəni təhsil ona yönələn xərcləri kompensasiya edə biləcək gəlirlər axınını təmin edir; 2) təhsil bacarıqsız işçiyə sərfəli deyildir, yəni təhsil ona yönələn xərcləri kompensasiya edə biləcək gəlirlər axınını təmin etmir.
Təhsilin marjinal səviyyəsi işəgötürən üçün firmanın bütün işçilərini az əmək haqlı və yüksək əmək haqlılara ayırmaq üçün bir meyar kimi çıxış edir. Əgər işçinin faktiki təhsil müddəti marjinal həddən aşağıdırsa, onda o, bacarıqsız və deməli, az məhsuldar hesab edilir. Bu səbəbdən ona ən az əmək haqqı təyin edilir. Bu cür əməyin ödənilməsi sisteminin yanlış siqnalların yaranmasının mümkünlüyü ilə bağlı çatışmazlığı vardır. Əgər hər hansı bir bacarıqsız işçi sadəcə prestij xatirinə marjinal səviyyəni üstələyən ali təhsil almış olarsa, bu zaman ona da yüksək əmək haqqı təyin olunacaq və o, “bacarıqlı” işçi hesab olunacaq. Əksinə, əgər bacarıqlı işçi “tənbəllik” edib ali təhsil almazsa, onda ona aşağı əmək haqqı təyin olunacaq və o, “ bacarıqsız” hesab olunacaq.
Spens həmçinin göstərmişdir ki, məhsuldarlıq bərabər olduqda belə, ağdərili kişilərin qadınlar və qaradərililərə nisbətən yüksək əmək haqqı qazanma ehtimalı daha çoxdur.
Əmək bazarında siqnallaşmanın sadə modeli təhsilin marjinal səviyyəsini, bacarıqlı işçinin əmək haqqına edilmiş əlavəni, bacarıqlı və bacarıqsız işçilərin təhsilinə çəkilən xüsusi xərcləri və faiz dərəcəsini əhatə edən kəmiyyət nisbətini təyin edir. Başqa sözlə, təhsil almaqla şərtlənən əmək haqqına illik əlavə, təhsilə investisiyanın miqdarı ilə illik faiz dərəcəsinin hasilindən çox olmalıdır.
Aparıcı iqtisadçılarından olan Spens iqtisad elminin inkişafına töhfə verməkdə davam edir.
P.S. Kanada mənşəli amerikalı iqtisadçı Maykl Spens ABŞ-da dünyaya gəlmiş, Kanadada böyümüşdür. Məktəb və tələbəlik illərində hokkey komandasında oynamışdır. Toronto Universitetində xüsusi məktəbi bitirmişdir. Prinston Universitetindən fəlsəfə üzrə məzun olmuşdur (bakalavr). Oksford Universitetində isə riyaziyyat üzrə təhsil almışdır (magistr). Daha sonra Harvard Universitetində iqtisadiyyatı oxumuşdur. 1972-ci ildə burada iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Təhsilini başa vurduqdan sonra təkcə müəllimliklə deyil, həm də inzibati fəaliyyətlə məşğul olmaqla parlaq akademik karyera qurmuşdur. Karyerası boyunca akademik aləmdə müxtəlif vəzifələrdə çalışmışdır. 3 kitabın və 50 məqalənin müəllifidir.
Professor Spens tədrisdə mükəmməlliyə görə Con Kennet Helbreyt mükafatını almışdır. 1981-ci ildə ona Amerika İqtisadi Assosiasiyası tərəfindən “iqtisadi düşüncə və biliyə verdiyi mühüm töhfəyə görə” 40 yaşına qədər iqtisadçılara verilən Con Beyts Klark medalı təqdim edilmişdir. “Asimmetrik informasiyalı bazarların təhlilinə görə” 2001-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatı ilə təltif edilmişdir. O, bu mükafata Corc Akerlof və Cozef Stiqlitslə birlikdə layiq görülmüşdür.
Spens 1976-cı ildə Ekonometrika Cəmiyyətinin, 1983-cü ildə Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü seçilmişdir. Qlobal İnternet İdarəetmə Komissiyasının üzvüdür. O, Stenford Universiteti Fondunu idarə edən Stenford İdarəetmə Şirkətinin, Beynəlxalq Ticarət Palatasının Tədqiqat Fondunun və Elm, Texnologiya və İqtisadi Siyasət üzrə Milli Tədqiqat Şurasının İdarə Heyətində üzv kimi çalışıb.
2006-cı ildə Dünya Bankı tərəfindən yaradılmış Artım və İnkişaf üzrə Müstəqil Komissiyanın sədri təyin edilmişdir. İqtisadçı, həmçinin Polaroid, General Mills, Siebel, Nike da daxil olmaqla bir çox özəl şirkətlərin Direktorlar Şurasının üzvü vəzifələrində də çalışmışdır.
Maykl, həmçinin “Journal of Economic Theory”, “Bell Journal of Economics”, “Public Policy” və “American Economics Review” jurnallarının redaksiya şuralarında fəaliyyət göstərib.
Spens “informasiya iqtisadiyyatı” nəzəriyyəsinin yaradıcılarından biridir. O, amerikalı sahibkar və ictimai fəal, xeyriyyəçi, planetin ən zəngin adamlarından biri olan Bill Qeytsin ən nüfuzlu müəllimi hesab olunur.
81 yaşlı alim hazırda həyat yoldaşı və uşaqları ilə İtaliyanın Milan şəhərində yaşayır.
Hazırladı:
Gülnarə Fətəliyeva, ETN İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin aparıcı elmi işçisi, i.f.d.





