ETN İqtisadiyyat İnstitutunun elmi katibi, i.e.d., dosent Leyli Allahverdiyevanın “Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması (informasiya xidmətlərinin liberallığı və rəqabətqabiliyyətliliyi)” kitabı nəşr edilib.
Kitab Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması məqsədi ilə ölkədə informasiya xidmətlərinin liberallığı və rəqabətqabiliyyətliliyi məsələlərinin tədqiqinə həsr olunub. Tədqiqatda informasiya xidmətlərinin müxtəlif vasitələrlə göstərilməsi prosesinin liberallıq dərəcəsinin ölçülməsinə yeni metodoloji yanaşma irəli sürülüb – İnformasiya xidmətlərinin liberallığı (dirijistliyi) indeksi işlənib. Bu, bəzi ölkələrdə, Azərbaycan da daxil, informasiya xidmətlərinin liberallıq dərəcəsini ölçməyə və onun iqtisadi təsirlərini qiymətləndirməyə imkan verir.
Tədqiqatda, həmçinin, Azərbaycanda informasiya xidmətlərinin keyfiyyəti onların rəqabətqabiliyyətliliyinin vacib aspekti kimi qiymətləndirilib. Ölkədə informasiya cəmiyyətinin formalaşması üçün böyük əhəmiyyət kəsb edən şəbəkə hazırlığı səviyyəsinin müqayisəli təhlili aparılıb.
Müəllif tədqiqatın nəticələrinin iqtisadçılar, iqtisadi siyasət sahəsində qərar qəbul edənlər üçün maraqlı və faydalı ola biləcəyinə ümid edir (economics.org.az).





