(1940, Nyu Heyven, ABŞ)
Əsərləri: “Limon bazarı: keyfiyyət qeyri-müəyyənliyi və bazar mexanizmi” (1970), “Əmək bazarının səmərəli əmək haqqı modelləri” (1986), “İqtisadiyyat və identiklik” (2000), “Praqmatik iqtisadiyyatda tədqiqatlar” (2005), “İdentifikasiya və təşkilatların iqtisadiyyatı” (2005), “Qlobal istiləşmə haqqında düşüncələr” (2006), “Heyvan ruhu: insan psixologiyası iqtisadiyyatı necə idarə edir və qlobal kapitalizm üçün niyə vacibdir” (2009), “Sadə insanlar üçün fişinq: manipulyasiya və aldatma iqtisadiyyatı” (2015).
Corc Akerlof tanınmış amerikalı iqtisadçılardan biridir.
Akerlof informasiya iqtisadiyyatı nəzəriyyəsinin banisidir. Alim asimmetrik informasiyalı bazarlar nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə, asimmetrik informasiya iqtisadi əməliyyatda bir tərəf digərindən daha çox məlumata malik olduqda mövcud olur. Nümunə kimi yüksək keyfiyyətli avtomobil bazarında satıcının alıcıdan daha çox məlumatlı olduğu işlənmiş avtomobil alqı-satqısını göstərirdi. O iddia edirdi ki, alıcı yüksək keyfiyyətli avtomobili digərlərindən (qüsuru olan və ya işlənmiş) ayırd edə bilmədikdə satışa çıxarılan daha yaxşı avtomobilin həqiqi dəyərini ödəmək istəmir. Məhdud məlumatlara malik olduğuna görə alıcı güman edir ki, daha yaxşı avtomobil daha aşağı keyfiyyətə malikdir, bu səbəbdən də hətta yüksək keyfiyyətli avtomobil üçün daha aşağı qiymət təklif edir. Bu da öz növbəsində, bütün avtomobillərin qiymətlərinin aşağı düşməsinə səbəb olur. Bu, yeni və ya yüksək keyfiyyətli avtomobillərin satıcılarını çox vaxt siyasətlər vasitəsilə (məsələn, zəmanət kimi) məhsullarının etibarlılığını sübut etməyə məcbur edir.
İqtisadçı həmçinin qeyd edirdi ki, məhsul satıcılarının məhsulun keyfiyyəti haqqında alıcılardan daha çox məlumata malik olduğu bazarlarda keyfiyyətsiz məhsullar yüksək keyfiyyətli məhsulları sıxışdıra bilər və nəticədə yüksək keyfiyyətli məhsulların qiymətləri zərər çəkir.
Alim sosial identikliyi formal iqtisadi təhlilə daxil etmiş və bununla da identiklik iqtisadiyyatı sahəsinin yaradılmasına töhfə vermişdir. O qeyd edirdi ki, fərdlərin yalnız müxtəlif mal və xidmətlərə üstünlükləri yoxdur. Onlar həmçinin müxtəlif insanların necə davranması lazım olduğuna dair sosial normalara riayət edirlər. Bu normalar insanın sosial identikliyi ilə əlaqələndirilir.
Akerlof qərar qəbul edənlərin necə davranmalı olduqlarına dair təbii normaları, makroiqtisadi davranışın izah edilməsi üçün sosial normalardan istifadə edilməsini təklif etmişdir. O, Hari Stenli Bekker ilə birlikdə sosial iqtisadiyyatın banilərindən biri hesab olunur. Psixologiyanın iqtisadiyyata gətirilməsinin vacibliyini vurğulayan alim bu elmlərin kəsişmə yollarının öyrənilməsinə dəyərli töhfələr vermişdir. İqtisadçı davranış iqtisadiyyatının inkişafında mühüm rol oynamışdır.
Corc “ədalətli əmək haqqı fərziyyəsi” nəzəriyyəsini işləyib hazırlamışdır. O iddia edir ki, işçilər faktiki maaşları ədalətli maaşlarından aşağı olduğu halda öz səylərini mütənasib şəkildə azaldır. Bu cür davranış işsizliyə səbəb olur, eyni zamanda müşahidə olunan əmək haqqı fərqləri və işsizlik nümunələrinə uyğun gəlir.
Dövlətin iqtisadiyyata müdaxiləsi məsələləri ilə bağlı iqtisadçının mövqeyi ondan ibarət idi ki, hökumət öz tədbirləri ilə iqtisadiyyatı sabitləşdirməlidir. Hökumət iqtisadiyyatın bir növ məsuliyyətli valideyni olmalıdır, nə çox avtoritar, nə də həddən artıq icazə verən olmalıdır. Məsələn, kapitalist cəmiyyətləri olduqca yaradıcı ola bilər və hökumət bu yaradıcılığa müdaxilə edəcək qədər sərt olmamalıdır. Bununla yanaşı, öz ixtiyarına buraxılan kapitalizm də həddindən artıqlığa meyllidir və hökumətin rolu israfa qarşı mübarizə aparan qüvvə kimi çıxış etməkdir.
Akerlof “reproduktiv texnologiya şoku” adlandırdığı fenomenə əsasən iddia edirdi ki, XX əsrin sonlarında cinsi inqilaba təkan verən müasir kontrasepsiya və qanuni abort kimi yeni texnologiyalar nəinki nikahdankənar doğuşların sayını azaltmaqda uğurlu olmuş, əksinə onların artmasına töhfə vermişdir.
P.S. Amerikalı iqtisadçı Corc Akerlofun atası İsveç, anası isə yəhudi əsillidir. Anası evdar xanım, atası Yel universitetində professor kimi çalışmışdır.
Corc makroiqtisadiyyatla çox gənc yaşlarından maraqlandığını qeyd edirdi. O, uşaqlıq və gənclik həyatını daha çox xoşbəxt, lakin atasının karyerasının dəyişməsinə tabe olaraq təsvir edirdi. Akerlof xatırlayırdı ki, “atam işini itirsə və ailəm pul xərcləməyi dayandırsa, o zaman başqa bir ata da işini itirəcək və s. Beləcə, iqtisadiyyatda geriləmələr olacaq”. Atasının iş perspektivləri ilə bağlı narahatlıqları səbəbi ilə 12 yaşında işsizlik nəzəriyyəsi üzərində işləməyə başlayan Corc uzun illər eyni mövzu üzərində tədqiqatlar aparmışdır.
Yel universitetində magistr dərəcəsinə yiyələnmişdir. Massaçusets Texnologiya İnstitutunda isə doktorluq dərəcəsinə yüksəlmişdir. Elmi rəhbəri Robert Solou olmuşdur. Bundan sonra Koliforniya və Corctaun Universitetlərində, London İqtisadiyyat məktəbində işləmişdir.
Akerlof 1973-1974-cü illərdə Prezident Riçard Niksonun hakimiyyəti dövründə Ağ Evin İqtisadi Məsləhət Şurasında baş iqtisadçı vəzifəsində çalışmışdır. 1985-ci ildə Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü seçilmişdir. 2006-cı ildə Amerika İqtisadiyyat Assosiasiyasının prezidenti təyin olunmuşdur.
“Asimmetrik informasiyalı bazarların təhlilinə görə” 2001-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatı ilə təltif edilmişdir. O, bu mükafata Cozef Stiqlits və Maykl Spenslə birlikdə layiq görülmüşdür.
Corc iki dəfə ailə həyatı qurmuşdur. İlk həyat yoldaşı, ixtisasca memar Key Leonqla evlilikləri cəmi üç il davam etmişdir. İkinci həyat yoldaşı, məşhur iqtisadçı Canet Luiz Yellen Kaliforniya Universitetində iqtisadiyyat professorudur. O, 2021-ci ildən ABŞ-ın maliyyə naziridir. Canet 1997-1999-cu illərdə prezident Bill Klintonun İqtisadi Məsləhət Şurasında işləmiş, 2004-2010-cu illərdə San Fransiskonun Federal Ehtiyat Bankının prezidenti kimi fəaliyyət göstərmişdir. 2014-2018-ci illərdə ABŞ Federal Ehtiyat Sisteminin 78-ci rəhbəri olmuş və bu vəzifəni tutan ilk qadın kimi ölkə tarixinə düşmüşdür. 2016-cı ildə Britaniya Akademiyasının fəxri üzvü seçilmişdir. Onların Robert adlı bir oğul övladı var və o da iqtisadçıdır.
Həmkarlarının dediklərinə görə, Corc iqtisadiyyatı sevən mehriban, səxavətli və həvəsli bir insandır. Rəhbərlik etdiyi doktorantlara qarşı ata kimi davranır.
Alim hazırda 85 yaşındadır.
Hazırladı:
Gülnarə Fətəliyeva, ETN İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin aparıcı elmi işçisi, i.f.d.





