Əsərləri: “Qeyri-müəyyənlik şəratində investisiya” (1971), “Mülahizə əvəzinə qaydalar: optimal planlaşdırmada uyğunsuzluq” (1977), “Səhm mükafatı: tapmaca” (1985), “XX əsrin Böyük Depressiyaları” (2007)
Edvard Preskott müasir dövrün məşhur amerikalı iqtisadçılardan biri kimi tanınmışdır. O, yeni klassik iqtisadın görkəmli nümayəndələrindən biri olmuşdur. Preskott iqtisadi tsikllər və ümumi tarazlıq, iqtisadi siyasətin optimal dizaynı, maliyyə ilə bağlı araşdırmalar aparmışdır.
İqtisadçı müasir iqtisadi tsikllər nəzəriyyəsinin əsasını qoymuşdur. O göstərmişdir ki, iqtisadi dalğalanmaların əsas hərəkətverici qüvvəsi texnoloji dəyişiklik kimi “təklif şokları”dır. Alim adətən texnologiyadakı dəyişikliklər və təkmilləşdirmələr nəticəsində yaranan təklifdəki dəyişikliklərin yalnız yaşayış standartlarında uzunmüddətli artımlara deyil, həm də iqtisadi tsikllərdəki bir çox qısamüddətli dalğalanmalara səbəb olduğunu qeyd edirdi. Bu fərziyyəni öyrənmək üçün o, II Dünya Müharibəsinin sonu və 1980-ci illər arasında istehsal, investisiya, istehlak, əmək məhsuldarlığı və məşğulluqdakı dəyişiklikləri öyrənmək üçün model qurmuşdur. Bu modeldən istifadə edərək istehsalın həcminin dəyişməsinin 70%-ni texnologiyadakı dəyişikliklər və artımla əlaqələndirə bilmişdir. Buradakı əsas töhfə makroiqtisadi dəyişənlərin mikro əsaslarla modelləşdirilməsi yolu idi.
Preskott iddia edirdi ki, iqtisadi planlaşdırmanın və siyasətin məqsədi arzu olunan iqtisadi reaksiyaya nail olmaqdır. O, dövlətin gələcək iqtisadi siyasətinin nəticələri ilə bağlı gözləntilərin bu siyasətin özünün qeyri-sabitliyinə və hətta uğursuzluğuna səbəb ola biləcəyini qeyd edirdi. Belə ki, iqtisadi subyektlərin (firma və ev təsərrüfatlarının) cari qərarları əsasən hökumətin elan etdiyi iqtisadi siyasətin nəticələri ilə bağlı onların rasional gözləntiləri ilə müəyyən edilir. Öz növbəsində, iqtisadi subyektlərin qərarlarının nəticələri dövləti iqtisadi siyasətin parametrlərinə yenidən baxmağa məcbur edir. O, bunu sadə, lakin cəlbedici bir nümunə ilə izah edirdi. Nümunə kimi daşqınlara meylli olduğu sübut edilmiş ərazi götürülür və hökumət “sosial baxımdan optimal nəticənin” həmin ərazidə ev tikməmək olduğunu söyləyir. Buna görə də hökumət daşqından mühafizəni (bəndlər və daşqından sığorta) təmin etməyəcəyini, rasional agentlərin həmin ərazidə yaşamayacağını qeyd edir. Bununla belə, rasional agentlər uzaqgörəndir və bilirlər ki, əgər həmin ərazidə ev tiksələr, mövcud vəziyyətlərə əsaslanaraq qərarlar qəbul edən hökumət gələcəkdə daşqından qorunmanı təmin edəcəkdir. Yekun olaraq Preskott müəyyən etmişdir ki, mövcud vəziyyətə daim reaksiya verən iqtisadi siyasət, hökumətin bir dəfə qurulan iqtisadi siyasət qaydalarına sərt şəkildə əməl etməsindən daha pis nəticələr verir.
Fiskal və monetar siyasətlə bağlı fikirlərinə gəlincə, iqtisadçıya görə, dövlətin pul siyasətinin məqsədinin qiymət sabitliyi olmasına baxmayaraq, yüksək inflyasiya gələcək iqtisadi siyasətlə bağlı gözləntilərin təsiri ilə bağlı inkişaf edə bilər. Məsələn, insanlar gələcəkdə vergilərin artacağını gözləyirlərsə, daha az qənaət etməyə başlayırlar. Əksinə, iqtisadiyyatda pul emissiyası və nəticədə inflyasiyanın artması gözlənilirsə, o zaman qiymətlər və əmək haqları vaxtından əvvəl artacaq.
Edvard yazırdı ki, siyasətçilərin nüfuzu hökumətlə münasibətlərinə görə risk altındadır. Pul siyasətinin aparılmasına cavabdeh olan dövlət qurumu aşağı inflyasiya ilə bağlı reputasiyaya malik olmalı və siyasi mülahizələrdən müstəqil olmalıdır.
Alim, həmçinin zaman seriyasındakı dalğalanmaları düzəltmək üçün istifadə edilən Hodrik-Preskott filtri üzərindəki işi ilə məşhurdur. Hodrik-Preskott filtri makroiqtisadiyyatda, xüsusən də real iqtisadi tsikl nəzəriyyəsində zaman seriyasının tsiklik komponentini xam məlumatlardan silmək üçün istifadə olunan riyazi alətdir. O, qısamüddətli dalğalanmalara nisbətən uzunmüddətli dövrə daha həssas olan zaman seriyasının hamarlaşdırılmış əyri təsvirini əldə etmək üçün istifadə olunur.
Preskottun son dövrlərdəki elmi fəaliyyəti Avropa iqtisadiyyatına vergilərin mənfi təsiri ilə bağlı tədqiqatlar üzərində cəmləşmişdir.
P.S. Amerikalı iqtisadçı Edvard Preskottun atası sənaye mühəndisi, anası kitabxanaçı kimi fəaliyyət göstərmişdir. Anasının valideynləri alman mühacirləri olmuşdur. Ailənin üçüncü və sonuncu uşağı olan Edvard utancaq və sosial olmayan xarakteri ilə seçilirdi. Atası ona şahmat və qolf oynamağı öyrətmişdir. Bundan əlavə, o, basketbol oynamağı, elmi fantastika mövzusunda əsərlər oxumağı sevirdi.
O, 1962-ci ildə ABŞ-ın Svortmor kollecində fizika, riyaziyyat üzrə bakalavr, Keyz Qərb Ehtiyat Universitetində əməliyyatlar ilə bağlı tədqiqatlar üzrə (sistem analizi) magistr dərəcəsini qazanmışdır. 1967-ci ildə Karnegi-Mellon Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini əldə etmişdir.
Alim ömrünün sonuna qədər tədris fəaliyyəti ilə məşğul olmuşdur. O, Pensilvaniya, Karnegi-Mellon, Çikaqo, Şimal-Qərb, Minnesota, Arizona, Nyu-York Universitetlərində dərs demişdir.
Preskott 1981-ci ildən Minneapolis Federal Ehtiyat Bankında iqtisadi məsləhətçi kimi çalışmışdır. 2009-cu ildə İqtisadi Səmərəlilik üzrə Təkmil Tədqiqatlar Mərkəzini təsis etmişdir.
Karyerası boyu tədqiqatlarına və iqtisadi nəzəriyyəyə verdiyi töhfələrə görə bir çox mükafatlara layiq görülmüşdür. “Zaman amilinin iqtisadi siyasәtә tәsirinin öyrәnilmәsinә verdiklәri töhfәlәrә vә işgüzar tsikllәrin hәrәkәtverici qüvvәlәrinin tәdqiqinә gorә” 2004-cü ildә İqtisadiyyat üzrə Nobel mükafatını almışdır. O, Norveç iqtisadçısı Finn Kidland ilə birlikdə təltif edilmişdir. Hər iki alim 30 ildən çox bir yerdə işləmişlər. Onların əsas əsərləri birgə yaradıcılığın məhsuludur.
Edvard Ekonometrika Cəmiyyətinin (1980), Amerika İncəsənət və Elmlər Akademiyasının (1992), Amerika Milli Elmlər Akademiyasının (2008) üzvü seçilmişdir. 1992-1995-ci illərdə İqtisadi Dinamika Cəmiyyətinin prezidenti, “Economic Theory” jurnalının redaksiya şurasının üzvü olmuşdur.
Preskott dövrümüzün ən çox istinad edilən məşhur amerikalı iqtisadçılarındandır.
Edvard ictimai fəallığı ilə də seçilir. 2009-cu ilin yanvarında 250-dən çox digər iqtisadçı və professorlarla birlikdə Amerikanın Bərpası və Reinvestisiya Aktına etiraz olaraq prezident Barak Obamaya ünvanlanan açıq məktub imzalamışdır. Məktub bir sıra qəzetlərdə dərc olunmuşdur.
Həyat yoldaşı Janet Preskott ilə evlilik həyatı 56 il davam etmişdir. Onların 3 övladı, 6 nəvəsi var. O, ailəsi ilə vaxt keçirməyi, dünyanı gəzməyi sevirdi. Alim 81 yaşında dünyasını dəyişmişdir.
Hazırladı:
Gülnarə Fətəliyeva, ETN İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin aparıcı elmi işçisi, i.f.d.





