Oktyabrın 29-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. Baş direktor, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən toplantıda bir sıra məsələlər müzakirə edilmişdir.
Elmi Şurada professor Nazim Müzəffərli Elm və Təhsil Nazirliyinin hazırladığı İqtisadiyyat İnstitutunun 2024-cü il üzrə elmi fəaliyyətinin nəticələri haqqında geniş məlumat verdi, əsas statistik rəqəmləri səsləndirdi. Bunlarla yanaşı, İqtisadiyyat İnstitutunun keçən il dövlət qurumları ilə birgə həyata keçirdiyi tədbirləri, dövlət sifarişləri əsasında yerinə yetirilmiş layihələri, İnstitutun bir qrup əməkdaşının fəal iştirakı ilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərini işğal etməsi nəticəsində ölkəmizə vurulmuş zərər və itkilərin qiymətləndirilməsini xüsusi olaraq qeyd etdi.
Elmi Şurada “Qərbi Azərbaycan iqtisadiyyatı” müvəqqəti yaradıcılıq qrupunun rəhbəri Tanrıverdi Paşa “Ermənistanın kənd rayonlarında yaşayan azərbaycanlıların kənd təsərrüfatının inkişafında rolu” mövzusunda çıxış edərək vaxtı ilə tarixi torpaqlarımız olan bu ölkədə yaşamış soydaşlarımızın Ermənistanın iqtisadiyyatındakı rolundan, onların öz ata-baba yurdlarından zorla deportasiya edilmələrindən danışıb. Mövzu ətrafında müzakirələr aparılıb.
İqtisadiyyat İnstitutunun şöbə müdirləri, professorlar Rəsmiyyə Abdullayeva və Fuad Qənbərov oktyabrın 23-24-də Türkiyənin İzmir şəhərində, EGE Universitetində keçirilmiş II Beynəlxalq Asiya İntibahı Simpoziumu barədə məlumat veriblər. Bildiriblər ki, tədbir Avropa İttifaqının Türk Dünyası Araşdırmaları İnstitutunun koordinasiyası, Türkiyənin EGE Universiteti, Qazaxıstanın Əl-Farabi adına Qazax Milli Universiteti və Azərbaycan Elm və Təhsil Nazirliyinin (ETN) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılğı ilə baş tutub. İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı simpoziumun işində fəal iştirak ediblər.
Təhsil şöbəsinin müdiri, i.f.d. Ellada Xankişiyeva ixtisaslar üzrə imtahan sualları və proqramlarının təkmilləşdirilməsi üzrə komissiyalar haqqında məlumat verib.
Elmi katib, i.e.d. Leyli Allahverdiyevanın təqdimatı əsasında Elmi Şuranın qəraı ilə aparıcı elmi işçi, i.e.d. Yunus Sadiqovun "Aqroemal siyasəti: dövlət tənzimlənməsi və inkişaf strategiyası” monoqrafiyasının və "Aqrar emal sənayesinin iqtisadiyyatı” dərs vəsaitinin, habelə dosent Şahin Sadıqovun “Tikinti materialları istehsalının rəqabətqabiliyyətli inkişaf potensialı” və i.f.d. İntizar Qurbanovanın “Azərbaycanda əmək bazarı və kadr hazırlığının sosial-iqtisadi aspektləri” monoqrafiyaları çapa tövsiyə olunub (economics.org.az).





