Dekabrın 2-də İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. Baş direktor, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan iclasda İnstitutun elmi şöbələrinin illik hesabatlarının dinlənilməsi davam etdirilib.
Baş direktor 75 illik yubiley yaşı münasibəti ilə İnstitutun aparıcı elmi işçisi Tanrıverdi Paşanı təbrik edib, ona möhkəm can sağlığı və elmi fəaliyyətində uğurlar arzulayıb.
Elmi Şurada Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, dosent Azər Səfərov " Post-konflikt ərazilərdəki bərpa və quruculuq işlərinə özəl investisiyaların cəlb edilməsinin perspektiv formaları", “Xidmət sferasının iqtisadiyyatı” şöbəsinin müdiri, dosent Pərviz Həsənov “Xidmət sahələrinin rəqabətli inkişafı mexanizminin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafda rolunun artırılması istiqamətləri”, “İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiri, dosent Rəvanə Əsədova “Makroiqtisadi artıma təsir edən amillərin ekonometrik qiymətləndirilməsi” mövzularında apardıqları tədqiqatların əsas elmi nəticələrini təqdim ediblər.
Elmi Şurada hər bir şöbənin hesabatı və tədqiqatlarının nəticələri geniş müzakirə edilib, təklif və tövsiyələr səsləndirilib, suallar cavablandırılıb (economics.org.az)





