(1943, Pasadena, ABŞ)
Əsərləri: “Rasional gözləntilər və iqtisadi siyasət nəzəriyyəsi” (1976), “Makroiqtisadi nəzəriyyə” (1979), “Rasional gözləntilər və ekonometrik təcrübə” (1981), “Dörd böyük inflyasiyanın sonu” (1983), “Enerji, uzaqgörənlik və strategiya” (1985), “Rasional gözlənti və inflyasiya” (1986), “Dinamik makroiqtisadi nəzəriyyə” (1987), “Kiçik dəyişikliyin böyük problemi” (2002), “Rekursiv makroiqtisadi nəzəriyyə” (2004), “Etibarlılıq” (2008).
Tomas Sarcent dövrümüzün iqtisadi fikrinin ən görkəmli nümayəndələrindəndir. Sarcent rasional gözləntilər nəzəriyyəsinə əsaslanan “yeni” klassik makroiqtisadiyyatın yaradıcılarından biridir.
Rasional gözləntilər nəzəriyyəsi müəyyən iqtisadi nəticələrin (məsələn, əmtəə qiymətləri) insanların bu nəticələrin rasional olaraq gözlədikləri ilə qismən müəyyən edildiyini ifadə edir. Sarcent makroiqtisadiyyatda rasional gözləntilər inqilabının erkən və mühüm töhfəçisi olmuşdur.
Alimin əsas ilk töhfələrindən biri “Siyasət-effektivlik təklifi”dir. Bu ideya ondan ibarətdir ki, insanların hökumətin fiskal və monetar siyasəti ilə bağlı gözləntiləri dövlət məmurlarının makroiqtisadiyyata nəzərdə tutduqları şəkildə təsir göstərməsini çətinləşdirir. Məsələn, insanlar Federal Ehtiyat Sisteminin (FED) işsizlik artdığı zaman pul təklifini artırmasına öyrəşsələr, onlar daha yüksək inflyasiya gözləyəcək və beləliklə, əmək haqqı tələblərini daha yüksək səviyyəyə uyğunlaşdıracaqlar. Beləliklə, FED-in daha yumşaq monetar siyasət ilə əldə etməyə çalışdığı aşağı işsizlik səviyyəsi baş verməyəcək.
İqtisadçı gözləntiləri başqa kontekstlərdə araşdırmışdır. O iddia edirdi ki, yaxşı monetar siyasət yaxşı fiskal siyasət tələb edir. Bunun üçün 1920-ci illərin əvvəllərində hiperinflyasiyanın baş verdiyi dörd ölkənin (Almaniya, Avstriya, Macarıstan və Polşa) təcrübəsini tədqiq etmişdir. Bu ölkələrin hamısı yüksək dövlət kəsirlərini maliyyələşdirmək üçün inflyasiyadan istifadə etmişdi. Və hamısı hiperinflyasiyanı aradan qaldıra bilmişdilər, lakin bunu etmək üçün onların etibarlı olması lazım idi. Büdcə kəsirlərini əhəmiyyətli dərəcədə azaltmaq və ya hətta büdcələri balanslaşdırmağa dair öhdəlik götürməklə insanların gözləntilərinə təsir etməli idilər. Hər dörd hökumət belə də etmişdi.
İqtisadçı rasional gözləntilərin daha zəif forması olan “özünü təsdiq edən tarazlıq” ideyasından istifadə etmişdi. Bu, insanların inancları real hadisələrlə təsdiqləndikdə baş verir.
İşsizlik sığortası ilə bağlı araşdırmaları nəticəsində Sarcent müəyyən etmişdir ki, Avropada yüksək, uzunmüddətli işsizlik müavinətləri işlərini itirmiş bir çox avropalı işçilərin illərlə işsiz qalmasına və bununla da onların insan kapitalının aşınmasına gətirib çıxarmışdır. Bu, onların uzunmüddətli perspektivdə daha az işlə təmin olunmasına səbəb olur.
Sarcent makroiqtisadi göstəricilər və iqtisadi siyasətin dəyişməsi zamanı təsirlənməyən iqtisadi siyasətin gözləntiləri arasında əsas əlaqələri təsvir etmək üçün tarixi məlumatların təhlilinə əsaslanan metod işləyib hazırlamışdır. Bu əlaqələr tarixi məlumatları nəzərə alan və hipotetik şəraitdə müxtəlif siyasətlərin təsirlərini etibarlı şəkildə proqnozlaşdıran riyazi modellərə daxil edilə bilər. Alim öz metodunu 1970-ci illərdə ABŞ və digər iqtisadiyyatları xarakterizə edən hiperinflyasiya və staqflyasiyanın tarixi epizodlarının tədqiqində də tətbiq etmişdir.
Sarcent həmçinin rekursiv iqtisadiyyatın akademik tədqiqatlara, xüsusən də işsizlik, maliyyə və monetar siyasət və iqtisadi artım kimi makroiqtisadi məsələlərə daxil edilməsində öncüllərdən olmuşdur.
P.S. Amerikalı iqtisadçı Tomas Sarcentin atası sığorta agenti, anası isə sosial işçi olmuşdur. Məktəb illərində o dövrün hobbilərinə – futbol və həmyaşıdları ilə ünsiyyətə daha çox vaxt ayırmaq üçün dərslərinə minimal səy göstərmişdir. Onun iqtisadi reallıqlarla dolayı tanışlığı hələ gənc yaşlarında olarkən baş vermişdir. Belə ki, ABŞ-da Böyük Depressiya zamanı maddi vəziyyəti əhəmiyyətli dərəcədə sarsılan babalarının hekayələri ona xüsusi təsir bağışlamışdır.
Sarcent bakalavr dərəcəsini Berkli Kaliforniya Universitetində iqtisadiyyat və siyasi elmlər üzrə (1964) bitirmişdir. O, hətta həmin il öz qrupunda ən görkəmli alim adına layiq görülmüşdür. Doktorluq dərəcəsini isə Harvard Universitetindən (1968) qazanmışdır.
1967-1968-ci illərdə Karnegi Texnoloji İnstitutunda elmi işçi kimi çalışmış, 1968-1969-cu illərdə ABŞ ordusunda xidmət keçmişdir. 1971-1987-ci illərdə Minneapolis Federal Ehtiyat Bankında müşavir vəzifəsində işləmişdir. Tomas Milli İqtisadi Tədqiqatlar Bürosunda (1970-1973 və 1979-cu ildən) baş elmi işçi və Huver İnstitutunda (1987-ci ildən) elmi işçi kimi çalışır.
Tomas uzun illər ərzində müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. O, Pensilvaniya (1970-1971), Minnesota (1971-1987), Çikaqo (1991-1998), Stenford (1998-2002), Prinston (2009) Universitetlərində dərs deyib. 2002-ci ildən Nyu-York Universitetində tədris fəaliyyəti ilə məşğuldur.
Amerika İqtisadçılar Assosiasiyasının (2007), İqtisadi Dinamika Cəmiyyətinin (1989-1992), Ekonometrika Cəmiyyətinin (2005) prezidenti olmuşdur. Amerika Milli Elmlər Akademiyasının (1983), Amerika İncəsənət və Elmlər Akademiyasının (1983) üzvüdür.
Hazırda Çinin Pekin Universitetinin Biznes Məktəbi olan Sarcent Kəmiyyət İqtisadiyyatı və Maliyyə İnstitutunun direktorudur. O, iqtisadiyyat və qərarların qəbulu üçün pulsuz kompüter alətlərinin yaradılmasına yönələn QuantEcon layihəsinin başlanmasına kömək etmişdir.
“Makroiqtisadiyyatda sәbәb vә nәticә әlaqәliyi ilә bağlı empirik tәdqiqatlara görә” 2011-ci ildә, 68 yaşında olarkən İqtisad üzrə Nobel mükafatına layiq görülmüşdür. O, bu mükafatı Harvardda tələbə yoldaşı olmuş ABŞ iqtisadçısı Kristofer Albert Sims ilə bölüşmüşdür. Mükafatın məbləğı 1,5 milyon ABŞ dolları (10 milyon İsveç kronu) təşkil etmişdir.
İqtisadçı bir sıra digər mükafatlarla da təltif edilmişdir. 1997-ci ildə iqtisadiyyat üzrə Nemmers mükafatını qazanmışdır. 2011-ci ildə ona ABŞ Milli Elmlər Akademiyasının mükafatı da verilmişdir.
Tomas çoxsaylı kitab və dərsliklərin müəllifidir. Onun dərslikləri dünyanın aparıcı universitetlərində makroiqtisadiyyat fənninin tədrisində istifadə olunur. İti zehnə malik olan fədakar müəllim kimi tanınan Tomas daima tələbələrini dəstəkləyir, onlarla görüşlərə və müzakirələrə həmişə açıqdır. Onun elmi rəhbərliyi altında doktorluq dərəcəsi almış bir sıra tədqiqatçılar makroiqtisadi araşdırmalar sahəsində fəaliyyətləri ilə seçilirlər.
Sarcent qısa çıxışlar etməsi ilə diqqət çəkir. Məsələn, 2007-ci ildə onun Berklidəki nitqi 335 sözdən ibarət olmuşdur. Alimi bəzən müasir struktur makroekonometrikasının atası da adlandırırlar.
Bu gün Sarcent ən çox istinad edilən iqtisadçılardan biridir. 2024-cü ilə, dünyanın ən çox istinad edilən iqtisadçıları arasında 38-ci yerdə olmuşdur.
Tomas Karolin Sarcentlə evlidir. Onların iki qızı və iki oğlu var. Karolinin sözlərinə görə, Tomas ona Nobel mükafatına layiq görüləcəyi xəbərini çatdıran Nobel Komitəsinin nümayəndəsinin zənginə kifayət qədər sakit reaksiya vermişdi. Səbəb isə həmin vaxt dərs dediyi Prinston Universitetində dərslərə tələsən alimin məşğul olması idi. Sarcentin əsas hobbiləri arasında 40 ilə yaxındır məşğul olduğu balıqçılıq da var. Alim hazırda 82 yaşındadır.
Hazırladı:
Gülnarə Fətəliyeva, ETN İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin aparıcı elmi işçisi, i.f.d.





