Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun qonağı olub. Onunla keçirilən işgüzar görüşdə İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli ilə yanaşı İnstitutun bir qrup əməkdaşı da iştirak edib.
Prof. N.Müzəffərli İqtisadiyyat İnstitutunun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən fundamental elmi tədqiqatlar, dövlət qurumları ilə əməkdaşlıq və onların sifarişi əsasında həyata keçirilən layihələr, o cümlədən işğaldan azad olunmuş ərazilərdə yeni iqtisadiyyat quruculuğu ilə bağlı elmi tədqiqatlar, tədbirlər, konfranslar, çap olunmuş nəşrlər barədə geniş məlumat verib.
M.Məmmədov Laçın rayonunun özünəməxsus coğrafi xüsusiyyətləri, rayonda həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri, infrastruktur layihələri barədə danışıb. Yerli iqtisadiyyatın başlıca spesifik xüsusiyyətlərini qeyd edən qonaq əsas hədəfləri, rayon iqtisadiyyatının müasir çağırışlara uyğun dirçəldilməsi, bu istiqamətdə görüləcək işlər, əhalinin məskunlaşmasının artması ilə yanaşı yeni iş yerlərinin yaradılması, yerli istehsal və xidmət sahələrinin inkişafı problemləri, özəl investisiyaların cəlb olunması, yerli sahibkarlar təbəqəsinin formalaşdırılması kimi aktual məsələləri xüsusi qeyd edib. Bildirib ki, Laçına indiyədək 3600 nəfər köçürülüb, 100 nəfər də ilin sonuna kimi məskunlaşacaq. Bu proses növbəti illərdə də davam etdiriləcək. 2026-2027-ci illərdə Laçın şəhərində 20-yə yaxın yaşayış binasının, 350 fərdi evin tikilməsi nəzərdə tutulur.
Görüşdə Laçın rayonunda yeni iqtisadiyyat quruculuğu sahəsində İqtisadiyyat İnstitutu ilə əməkdaşlıq imkanları və elmi dəstəyin göstərilməsi məsələləri müzakirə edilib (economics.org.az).





