Dekabrın 24-də ETN İqtisadiyyat İnstitutunun daimi elmi seminarı keçirilib. Elmi seminar görkəmli iqtisadçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Bəhmən Yusif oğlu Axundovun 115 illik yubileyinə həsr olunub.
Baş direktor, professor Nazim Müzəffərlinin sədrliyi ilə aparılan seminarda AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov Bəhmən Axundov haqqında xatirələrini danışıb, onu Azərbaycan iqtisad elminin tanınmış, görkəmli alimi kimi xarakterizə edib, ölkəmizdə iqtisad elminin inkişafındakı xidmətlərini xüsusi qeyd edib.
ETN İqtisadiyyat İnstitutunun “İqtisadi siyasətin nəzəri əsasları” şöbəsinin baş elmi işçisi, iqtisad elmləri doktoru Seyfəddin Səməndərov alimin həyat yolu və elmi fəaliyyəti barədə məruzə ilə çıxış edib. Bildirib ki, Bəhmən Axundov 1910-cu il dekabrın 28-də İrəvan şəhərində anadan olmuşdur. Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu bitirmiş, Daşkənd Orta Asiya Dövlət Plan İnstitutunda təhsil almışdır. 1934-cü ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetində çalışmış, Moskvada Krjijanovski adına Moskva Plan İnstitutunun aspiranturasına daxil olmuş, 1939-cu ildə məşhur alim Stanislav Qustavoviç Strumilinin elmi rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə etmişdir. B.Axundov İkinci Dünya müharibəsi dövründə ön cəbhədə olmuş və “Moskvanın müdafiəsinə görə” medalı ilə təltif edilmişdir.
B.Axundov 1951-ci ildə “İnqilaba qədərki Bakı neft sənayesində inhisarçı kapital” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Gərgin əməyin məhsulu olan bu əsərin Moskvada monoqrafiya şəklində nəşr edilməsi qısa müddət ərzində alimi ümumittifaq miqyasında tanıtmışdır.
İqtisad elmi sahəsində respublikada ilk elmlər doktoru olan B.Axundov 1950-1956-cı illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) Siyasi iqtisad kafedrasının professoru, 1966-1974-cü illərdə isə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrufatı İnstitutunun elmi işlər üzrə prorektoru, 1974-cü ildən ömrünün sonuna kimi həmin institutun Siyasi iqtisad kafedrasının professoru kimi fəaliyyət göstərmişdir. O, “Azərbaycan kommunisti” və “Azərbaycan SSR EA-nın Xəbərləri” jurnalının İqtisadiyyat bölməsinin redaksiya heyətinin üzvü, respublikada Ali və Orta İxtisas Təhsili Nazirliyinin “Elmi əsərlər” jurnalının məsul redaktoru olmuşdur.
1961-ci ildə “M.F.Axundov və H.B.Zərdabinin ictimai-iqtisadi göruşləri” kitabı rus dilində nəşr olunmuşdur. Üç cildlik “Azərbaycan tarixi” kitabının iqtisadiyyat hissəsinin yazılmasında da alimin xidməti böyükdur. B.Axundov 1967-ci ildə Azərbaycanın Əməkdar iqtisadçısı adına layiq görülmüş, 1968-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.1984-cü ildə Bakı şəhərində vəfat etmişdir.
S.Səməndərov B.Axundovun elmi və pedaqoji fəaliyyətindən, Azərbaycan iqtisad elminin inkişafında və iqtisadçı alimlər nəslinin yetişməsindəki əhəmiyyətli rolundan danışmış, iqtisad elminin inkişafına verdiyi töhfələri qeyd etmişdir.





