(1933, Santiniketan, Hindistan)
Əsərləri: Kollektiv seçim və ictimai rifah (1970), “Azadlıq, yekdillik və hüquqlar” (1976), “Yoxsulluq və aclıq” (1981), “Seçim, rifah və ölçü” (1983), “Bərabərsizliyin təkrar tədqiqi” (1992), “Həyat keyfiyyəti” (1993), “Etika və iqtisadiyyat haqqında” (1996), “Resurslar, dəyərlər və inkişaf” (1997), “Asiya dəyərləri və iqtisadi artım” (1998), “İnkişaf azadlıq kimi” (1999), “Rasionallıq və azadlıq” (2004), “Ədalət ideyası” (2010), “Sülh və demokratik cəmiyyət” (2011)
Amartya Sen zəmanəmizin məşhur hindistanlı iqtisadçılarındandır. O, rifah iqtisadiyyatı, sosial seçim nəzəriyyəsi, iqtisadi və sosial ədalət, yoxsulluğun iqtisadi nəzəriyyələri, qərarlar nəzəriyyəsi, inkişaf iqtisadiyyatı, ictimai sağlamlıq məsələlərinə böyük elmi töhfələr vermişdir.
Amartya daha çox qıtlığın səbəbləri ilə bağlı işləri ilə tanınır. O, dünyanın müxtəlif yerlərində baş verən aclığı tədqiq etmiş və onların bəzən qida istehsalında heç bir azalma olmadığı zamanlarda da baş verdiyinə diqqət çəkmişdir. Belə ki, maaşların və real gəlirlərin azalması, işsizlik, ərzaq qiymətlərinin artması və zəif ərzaq paylama sistemləri kimi bir sıra sosial və iqtisadi amillər nəticəsində cəmiyyətin müəyyən qrupları artıq ərzaq almağa imkan tapmır və bu da onlar arasında aclığa gətirib çıxarır. Belə hallarda əksər iqtisadçılar bu cür insanlara pul verilməsini məsləhət görməlidirlər ki, onlar yemək ala və yeməklə başqa şeylər arasında seçim edə bilsinlər. Senin tədqiqatları qida çatışmazlığının qarşısının alınması və ya məhdudlaşdırılması üçün praktiki həllərin işlənib hazırlanmasına səbəb olmuşdur.
İqtisadçı ərzağın qiymətinə nəzarətin əleyhinə idi. Onun fikrincə, bu cür nəzarət istehsal olunan ərzaqların miqdarının azalmasına gətirib çıxara bilər.
Sen azad bazarların müdafiəçisi idi. Ümumi olaraq, bazarlara qarşı olmağı insanlar arasındakı söhbətlərə qarşı olmaq kimi xarakterizə edən alimə görə sözlər, mallar və ya hədiyyələr mübadiləsi azadlığının müdafiə edilməsinə ehtiyac yoxdur; onlar cəmiyyətdə insanların bir-biri ilə necə yaşadığının və qarşılıqlı əlaqəsinin bir hissəsidir.
Senin irəli sürdüyü ədalət nəzəriyyəsinə görə, ədalətli cəmiyyət insanlara müxtəlif şəxsi arzu və istəklərini inkişaf etdirmək üçün bərabər imkanların verildiyi cəmiyyətdir. Hər bir fərd öz tələbləri ilə muxtar, müstəqil subyekt olaraq qala bilər, lakin eyni zamanda, hər bir ehtiyac fərdin arzuladığı son nəticəyə çatmaq üçün eyni hüquqlara malik olmalıdır. Bu nəzəriyyə, həm də müstəqillik bərabərliyi və ya muxtariyyət bərabərliyi də adlanır.
Amartya qeyd etmişdir ki, cəmiyyətdə yoxsulluğun standart ölçüsü – yoxsulluq həddinin altında olan insanların nisbəti yoxsullar arasında yoxsulluq dərəcəsi kimi mühüm bir məlumatdan məhrumdur. O, təkcə yoxsulluğu deyil, həm də onun dərəcəsini ölçmək üçün daha mürəkkəb bir indeks hazırlamışdır.
Alim bərabərsizliklə bağlı nəzəri işlərində qadınların kişilərdən daha çox doğulmasına və uşaq ölümünün kişilər arasında daha çox olmasına baxmayaraq, bəzi yoxsul ölkələrdə niyə qadınların kişilərdən daha az olduğunu izah etməyə çalışırdı. Daha dəqiq desək, o, Çin, Hindistan və digər Asiya ölkələrində qadınların say baxımından olması lazım olduğundan 100 milyon az olduğunu iddia edirdi. Sen güman edirdi ki, bunun səbəbi kişilər və hökumətlər tərəfindən qadınlara qarşı yürüdülən ayrı-seçkilik siyasətinin, eləcə də bu ölkələrdə oğlanlara verilən daha yaxşı sağlamlıq imkanlarının nəticəsidir.
Amartyanın fikrincə, iqtisadi artıma nail olmaq üçün sosial islahatlar (məsələn, təhsil və ictimai səhiyyənin təkmilləşdirilməsi) iqtisadi islahatlardan əvvəl olmalıdır.
P.S. İqtisadçı və filosof Amartya Sen Hindistanın Qərbi Benqal ştatının Santiniketan universitet şəhərciyində anadan olmuşdur. Atası Dəkkə Universitetində kimya fənnindən dərs demişdir. Anası Rabindranat Taqor Kollecində təhsil almışdır. Ana babası həmin kollecdə sanskrit dilini, qədim və orta əsrlər Hindistanının mədəniyyətini tədris etmişdir.
Sen hələ 10 yaşında ikən millətlərarası qanlı münaqişələrin, 1943-cü ildə isə Hidistanın Benqaliya əyalətində 3 milyona qədər insanın həyatına son qoymuş dəhşətli aclığın şahidi olmuşdur. Bu hadisələr onun bütün həyatında dərin iz buraxmışdır. Görünür, elə bu səbəbdəndir ki, o, elmi yaradıcılığını əsasən, ictimai seçim nəzəriyyəsinə, rifah və yoxsulluq indekslərinə, milli gəlirə, aclıq probleminə həsr etmişdir.
Sen orta məktəbi əvvəlcə Dəkkədə, sonra isə Santiniketanda oxumuşdur. Hindistanda 1953-cü ildə Kəlküttə Universitetinin kollecini bitirərək iqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır. 1953-1959-cu illərdə Kembric Universitetinin Triniti Kollecində oxumuş, 1955-ci ildə iqtisadiyyat üzrə ikinci bakalavr, 1957-ci ildə magistr dərəcəsi, 1959-cu ildə isə doktorluq dərəcəsini almışdır.
O, uzun illər müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Kəlküttə (1956-1958), Kembric (1957-1963), Dehli (1963-1971), London (1971-1977), Oksford (1977-1988), Harvard Universitetlərində (1987-1998) dərs demişdir. 1998-ci ildə Kembric Universitetinə qayıdaraq 2004-cü ilə kimi Triniti kollecinin rəhbəri vəzifəsində fəaliyyət göstərmişdir.
“Rifah iqtisadi nәzәriyyәsinә töhfәlәrinә görә” 1998-ci ildә, 65 yaşında olarkən İqtisad üzrə Nobel mükafatına layiq görülmüşdür.
Sen bir sıra digər mükafat və adlarla da təltif edilmişdir. Ona Adam Smit adına (1954), Amerika İqtisadçı Alimlər Komitəsinin Frenk Seydman adına (1986), Hindistanın ən yüksək mülki mükafatı olan Bharat Ratna (1999), Vasiliy Leontyev adına (2000) mükafatı, eləcə də ABŞ-ın Milli Humanitar Elmlər Medalı (2011), Milli Sosial Elmlər İnstitutunun nüfuzlu Qızıl medalı (2021), Alman Kitab Satıcıları və Naşirlər Assosiasiyası tərəfindən Alman Kitab Ticarətinin 2020-ci il Sülh Mükafatı verilmişdir. 90-dan çox aparıcı universitetlərin fəxri doktoru adını almışdır.
Amerika Ekonometrika Cəmiyyətinin (1984), Beynəlxalq İqtisadçılar Assosiasiyasının (1986-1989), Hindistan İqtisadi Assosiasiyasının (1989), Amerika İqtisadçılar Assosiasiyasının (1994) prezidenti olmuşdur.
Sen rifah iqtisadiyyatının problemləri və ictimai seçim nəzəriyyəsi üzrə ondan çox monoqrafiyanın müəllifidir. Onun kitabları otuzdan çox dilə tərcümə edilmişdir.
BMT-nin illik İnsan İnkişafı Hesabatları və İnsan İnkişafı İndeksi üçün konseptual çərçivənin formalaşdırılmasına mühüm töhfələr vermişdir. 2008-ci ildən İqtisadi Fəaliyyətin və Sosial Tərəqqinin Əsas Göstəriciləri üzrə Beynəlxalq Komissiyanın iqtisadi məsləhətçisidir.
ABŞ-ın “Foreign Policy” və İngiltərənin “Prospect” jurnallarının elektron yolla oxucu anketlərindən istifadə edərək ərsəyə gətirdiyi “Dünyanın ilk 100 intellektualı” sıralamasında 2005-ci ildə 8-ci, 2008-ci ildə isə 16-cı sırada yer almışdır.
Sen “peşənin vicdanı” və “iqtisad elminin Tereza anası” adlandırılır. Lakin o, heç vaxt fədakar həyat tərzi sürməyə çalışmadığını deyərək Tereza Ana ilə müqayisəni inkar etmişdir. Necə dincəldiyini soruşduqda o, “Mən çox oxuyuram və insanlarla mübahisə etməyi xoşlayıram” – deyə cavab vermişdir. Sen ateistdir. İqtisadçı utilitarizmə şübhə ilə yanaşırdı.
Alim 3 dəfə ailə həyatı qurmuşdur. Birinci həyat yoldaşı – hind yazıçısı və alim Nabanita Dev Sen ilə boşanma ilə sonlanmış evliliklərindən iki qızları dünyaya gəlmişdir. İkinci həyat yoldaşı olmuş italyan iqtisadçı Eva Kolorni ilə izdivacdan bir qızı və bir oğlu var. Üçüncü həyat yoldaşı məşhur iqtisadçı Emma Rotşilddir.
Sen hazırda 92 yaşındadır.
Hazırladı:
Gülnarə Fətəliyeva, ETN İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin aparıcı elmi işçisi, i.f.d.





