UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən təşkil edilən “Azərbaycanın dövlət suverenliyinin gücləndirilməsində Qarabağın dirçəldilməsinin strateji aspektləri” mövzusunda III ümumrespublika elmi məqalə müsabiqəsinin nəticələri açıqlanıb.
UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin təşkilatçılığı, “SOCAR POLYMER” MMC-nin dəstəyi ilə keçirilən tədbirin açılışında çıxış edən UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Rövnəq Rzayev müsabiqənin “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirildiyini bildirib. O, mövzunun Qarabağın dirçəldilməsinə həsr olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, ölkənin 30-dan artıq müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrindən müsabiqəyə 200-ə yaxın elmi məqalənin təqdim edildiyini bildirib. Prorektor məqalələr toplusunun e-kitab formatında hazırlanaraq UNEC-in elektron resurslarında yerləşdiriləcəyini diqqətə çatdırıb.
UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Şəfa Əlizadə müsabiqəyə əvvəlki illərlə müqayisədə marağın iki dəfə artdığıni bildirərək, gənclərin bu sahədə fəallığını yüksək qiymətləndirib. O qeyd edib ki, müsabiqə Qarabağın dirçəldilməsi, işğaldan azad olunmuş ərazilərdə iqtisadi quruculuğun səmərəli mexanizmlərinin araşdırılması və bu prosesin dövlət suverenliyimizin möhkəmləndirilməsində rolunun elmi baxımdan tədqiqinin təşviqinə xidmət edir.
Tədbirdə çıxış edən “SOCAR Polymer” MMC-nin maliyyə direktoru Müşfiq Hacıyev qalibləri təbrik edərək, seçilən elmi tədqiqatların Qarabağın dirçəldilməsi prosesinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.
Sonra mükafatlandırma mərasimi baş tutub. Biri professor-müəllim heyəti arasında, digəri isə doktorant, magistr və tələbələr üçün olmaqla iki nominasiyada ilk üç yeri tutan qaliblərə pul mükafatları verilib. Digər iştirakçılar sertifikatlarla təltif olunub.
200 məqalə arasında qiymətləndirməyə uyğun olaraq ən yüksək ballarına görə ilk 10-luğa düşən iştirakçılara tədbirdə sertifikatlar təqdim edilib. Onların arasında İqtisadiyyat İnstitutunun iki elmi əməkdaşı və 1 doktorantı da var. Belə ki, İqtisadiyyat İnstitutunun “Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı” şöbəsinin aparıcı elmi işçisi, dosent Mahir Zeynalov və “Demoqrafiya və məşğulluq problemləri” şöbəsinin elmi işçisi, i.f.d. Nüsrət İbrahimov professor-müəllim heyəti arasında nominasiyasında ilk top 10-luğa düşən məqalələrinə görə sertifikatla təltif olunublar. İqtisadiyyat İnstitutunun doktorantı Hikmət Mirzəyev isə doktorant, magistr və tələbələr üçün olan nominasiyada ilk 10-luğa düşüb və ona da sertifikat təqdim edilib.





