(1899, Klippan, İsveç – 1979, Volodalen, İsveç)
Əsərləri: “Dünya iqtisadi depressiyasının səbəbləri və fazaları” (1931), “Regionlararası və beynəlxalq ticarət” (1933), “Faiz dərəcəsinin alternativ nəzəriyyələri” (1937), “Valyuta nəzarətinin mexanizmləri və məqsədləri” (1937), “İqtisadi sabitləşmə problemi” (1949), “Məşğulluğun sabitləşdirilməsi problemi” (1950), “Liberal çağırış” (1963), “Bazar iqtisadiyyatı və üçüncü dünya – liberal alternativ mümkündürmü?” (1975), “İqtisadi fəaliyyətin beynəlxalq bölgüsü” (1977)
Bertil Olin iqtisadi nəzəriyyədə Stokholm məktəbinin görkəmli nümayəndələrindən biri olmuşdur. Olin beynəlxalq ticarət nəzəriyyəsinin inkişafına böyük töhfə vermişdir. O göstərirdi ki, həm regionlararası, həm də beynəlxalq ticarət ona görə baş verir ki, mallar (məhsul, əmtəə) onları istehsal edən istehsal amillərindən (əmək, kapital və torpaq) daha asan hərəkət edə bilir.
Alim beynəlxalq ticarətin nümunələrini və axınlarını izah edən Hekşer-Olin nəzəriyyəsinin banilərindəndir. Klassik nəzəriyyədən fərqli olaraq, bu model müqayisəli məsrəflərdəki fərqləri məhsuldarlığa təsir edən təbii fərqlərlə deyil, istehsal amillərinin təklifindəki fərqlərlə izah edirdi. Bu nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, ölkələr arasında ticarət onların istehsal amillərinin nisbi miqdarına mütənasibdir. Başqa sözlə, ölkələr nisbətən bol və ucuz istehsal amillərindən intensiv istifadə olunan malları ixrac edir və nisbətən az və bahalı istehsal amilinə malik olduğu malları isə idxal edir. Yəni, istehsal amillərinin nisbi bolluğu ölkənin müqayisəli üstünlüyünü müəyyən edir. Məsələn, kapitalın və torpağın bol olduğu, lakin işçi qüvvəsinin az olduğu ölkə çoxlu kapital və torpaq tələb edən, lakin az əmək tələb edən mallarda (məsələn, taxıl kimi) müqayisəli üstünlüyə malik olur. Kapital və torpaq bol olduğundan qiyməti aşağı olur. Onlar taxıl istehsalında əsas amillər olduğu üçün taxılın qiyməti də aşağıdır və beləliklə, həm yerli istehlak, həm də ixrac üçün cəlbedicidir. Digər tərəfdən, işçi qüvvəsi azdır və qiyməti yüksəkdir, bu səbəbdən də əmək tutumlu malların (məsələn, toxuculuq, sadə elektronika və s.) istehsalı çox bahadır. Ona görə də, ölkə həmin malları idxal etsə yaxşıdır.
Beynəlxalq ticarətin neoklassik modeli hesab edilən Hekşer-Olin modelinə görə, azad ticarətin hökm sürdüyü şəraitdə müxtəlif ölkələrdə istehsal amillərinin qiymətlərinin tarazlığı və nəticədə ümumi iqtisadi tarazlıq əldə edilir. Həmçinin, nəzəriyyənin digər nəticəsi – ölkənin müqayisəli üstünlükləri və istehsal amillərinin mövcudluğu səbəbindən artıq və ucuz istehsal amillərinin istehsalı və ixracında ixtisaslaşmasıdır.
İqtisadçının monetar nəzəriyyəsi daha geniş mənada onun iqtisadi tsikl nəzəriyyəsi ilə sıx bağlıdır. Əgər mərkəzi bank iqtisadiyyatın real sektoruna təsir etmək məqsədi güdürsə, faiz dərəcəsi əsas rol oynayacaq. Olinin fikrincə, faiz dərəcəsinin tənzimlənməsinin məqsədi qiymətlərin sabitləşməsi və arzu olunan iqtisadi inkişaf olmalıdır. O, həmçinin faiz dərəcələrinin optimal səviyyəsinin 3-3,5% olmasını düzgün hesab edirdi.
Olin qiymət səviyyəsindəki dəyişiklikləri, həmçinin qiymət dəyişikliyinə səbəb olan amilləri təhlil etmişdir. Onun fikrincə, qiymət artımı istər investisiya, istərsə də istehlak tərəfdən başlaya bilər. Bu zaman istehlak və investisiya mallarının tələb və təklifinə təsir edən amillər müəyyən edilməlidir. Alim tələb və təklifin ölçüsünə təsir edən amil kimi faiz dərəcəsini göstərirdi. Faiz dərəcəsinin azalması planlaşdırılan investisiyaların artmasına səbəb olur. İnvestisiya artımının istehsal həcminə və qiymət səviyyəsinə təsiri iqtisadiyyatda istifadə olunmamış ehtiyatların mövcudluğu ilə müəyyən edilən təklifin elastikliyindən asılıdır. Əgər təklif mükəmməl elastikdirsə, yəni iqtisadiyyatda sərbəst resurslar varsa, onda investisiyaların artması müvafiq artıma gətirib çıxaracaq və qiymət səviyyəsini artırmayacaq. O, dövriyyədə olan pulun miqdarının dəyişməsini qiymət səviyyəsini artıra bilən ən çox yayılmış amil hesab edirdi.
P.S. İsveç iqtisadçısı və siyasi lider Bertil Olin hüquqşünas və yüksək rütbəli polis məmurunun ailəsində anadan olmuşdur. Lund Universitetində riyaziyyat və statistika üzrə bakalavr (1917), Stokholm İqtisadiyyat Məktəbində (1919) və Harvard Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsini almışdır (1923). 1924-cü ildə Stokholm Universitetində fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir. Onun elmi rəhbəri Stokholm məktəbinin görkəmli nümayəndəsi Karl Qustav Kassel olmuşdur.
Uzun illər ali məktəblərdə dərs demişdir. 1924-1929-cu illərdə Kopenhagen Universitetinin, 1929-1965-ci illərdə Stokholm İqtisadiyyat Məktəbinin professoru olmuşdur. Bir müddət Harvard Universitetində qonaq professor olaraq fəaliyyət göstərmişdir.
1920-ci ildə İsveç İqtisadi Şurasında katibin köməkçisi vəzifəsində çalışmışdır. 1921-ci ildə İsveç Hərbi Dəniz Qüvvələrində xidmət etmişdir.
O, öz ölkəsində siyasi fəaliyyəti ilə məşhur idi. 1938-1970-ci illərdə İsveç parlamentinin üzvü olmuşdur. 1944-1967-ci illərdə hakim Sosial Demokrat Partiyasına qarşı çıxan ən böyük partiya olan sosial-liberal, bazar tərəfdarı olan Xalq Partiyasının lideri kimi tanınırdı. 1944-1945-ci illərdə İkinci Dünya Müharibəsi zamanı İsveç koalisiya hökumətində ticarət naziri olaraq fəaliyyət göstərmişdir. 1959-1964-cü illərdə Şimal Şurasının (Nordic Council) prezidenti, həmçinin də İsveçin Avropa Şurasındakı nümayəndəsi olmuşdur.
“Beynәlxalq ticarәt vә kapitalın beynәlmilәl hәrәkәti nәzәriyyәsinә yenilikçi töhfәlәrinә görә” 1977-ci ildә İqtisadiyyat üzrə Nobel mükafatını almışdır. O, bu mükafata müştәrәk olaraq ingilis iqtisadçı Ceyms Mid ilə layiq görülmuşdür.
Olin cari iqtisadi hadisələr və iqtisadi siyasətlə bağlı məqalələr yazmaqla uzun illər İsveç qəzetlərinə töhfə vermişdir.
Bertil 1931-ci ildə Evi Kruze ilə ailə həyatı qurmuşdur. Bu izdivacdan onların bir oğlu və iki qızı dünyaya gəlmişdir. Qızı Anna 1991-1994-cü illərdə İsveçin ilk qadın maliyyə naziri olmuşdur.
Alim 80 yaşında İsveçin şimalında tətildə olarkən dünyasını dəyişmişdir.
Hazırladı:
Gülnarə Fətəliyeva, ETN İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin aparıcı elmi işçisi, i.f.d.





