Fevralın 26-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib. Baş direktor, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə edilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İqtisadiyyat İnstitutunun icraçı direktoru, dosent Famil Rüstəmov İnstitutun elmi-təşkilati fəaliyyəti haqqında Elmi Şuranın iclasında məruzə ilə çıxış etmişdir. Məruzədə mövcud vəziyyət geniş təhlil edilmiş, inkişaf perspektivləri qeyd edilmişdir. İndiyədək həyata keçirilmiş tədbirlər, görülmüş işlər və əldə olunmuş müsbət nəticələr barədə məlumat verilmiş, İnstitutun insan potensialı və akademik resursları ilə bağlı məsələlərə xüsusi diqqət yetirilmişdir.
Çıxış zamanı Gənc Alimlər və Mütəxəssislər Şurasının aktivləşdirilməsi, doktorantların real elmi mühitə inteqrasiyası, elmi rəhbərlik sisteminin gücləndirilməsi, əməkdaşların motivasiya və təşviq mexanizmlərinin təkmilləşdirilməsi, elmi fəaliyyətin təşkili və koordinasiyası, tədqiqatların keyfiyyət göstəricilərinin yüksəldilməsi, əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi və akademik heyətin fərdi reytinq sisteminin hazırlanması kimi məsələlər vurğulanmışdır.
Eyni zamanda çıxışda rəqəmsal idarəetmə və kommunikasiya mexanizmlərinin inkişafı, İnstitutun internet saytının və elmi jurnalının təkmilləşdirilməsi, maddi stimullaşdırma mexanizminə yenidən baxılmasının zəruriliyi qeyd olunmuşdur. Yerli və xarici elm və təhsil müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinin, birgə tədbirlərin keçirilməsinin, müştərək layihələrin icrasının, dövlət qurumları ilə institusional əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanmışdır.
Məruzə ətrafında geniş müzakirələr aparılmış, təklif və tövsiyələr səsləndirilmişdir.
İclasda “Sənaye siyasəti və investisiya problemləri" şöbəsinin müdiri, prof. Tofiq Hüseynovun "Azərbaycanda emal sənayesi: reallıqlar və perspektivlər" adlı monoqrafiyası müzakirə edilərək çapa tövsiyə olunub.
Elmi Şurada gizli səsvermə yolu ilə İnstitutun "Demoqrafiya və məşğulluq problemləri" şöbəsinin aparıcı elmi işçiləri, iqtisad üzrə fəlsəfə doktorları - Akifə Ağayarova və İntizar Qurbanovaya dosent elmi adının verilməsi haqqında qərar qəbul olunub (economics.org.az).





