Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun daimi elmi seminarında həmyerlimiz, Rusiya Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universitetinin iqtisadiyyat fakültəsində ali riyaziyyat kafedrasının müdiri, texnika elmləri doktoru, professor Fuad Ələsgərov “Şəbəkə analizi” mövzusunda çıxış edib.
525.az xəbər verir kiədbirə İnstitutun əməkdaşları ilə yanaşı onlayn formatda Azərbaycanın bir sıra ali məktəblərinin tədqiqatçıları da qatılıblar. İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən seminarda öncə məruzəçi qonaq təqdim olunub. Bildirilib ki, Fuad Ələsgərov oyun və idarəetmə nəzəriyyəsi (siyasi proseslərin riyazi və tətbiqi modelləşdirilməsi də daxil olmaqla) üzrə mütəxəssisdir, Rusiya Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universitetinin əməkdar professoru, V.A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutunun “M.A.Ayzerman adına Seçim və qərarların təhlili nəzəriyyəsi” laboratoriyasının müdiri, Rusiya Federasiyasının Elm və Texnika üzrə fəxri işçisi, Avropa Akademiyasının üzvüdür. Professor müxtəlif sistemlərdə elementlərin qarşılıqlı əlaqəsini və təsirini öyrənməklə, tətbiqi şəbəkə təhlili üzrə ixtisaslaşıb. Şəbəkə modellərini, təsirli qovşaqların müəyyən edilməsi metodlarını, həmçinin, şəbəkələrin ixrac və idxal bazarlarının təhlili də daxil olmaqla sosial-iqtisadi məsələlərdə tətbiqini araşdırır. 1981-ci ildə V.A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutunda “Sosial və iqtisadi sistemlərdə idarəetmə” ixtisası üzrə namizədlik dissertasiyasını, 1993-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir (dissertasiyanın adı: “Lokal aqreqasiya modelləri”). Alim Avropa və ABŞ-ın bir çox universitetlərində, o cümlədən Kaliforniya Texnoloji Universitetində, Bosfor Universitetində, Paris Universitetində, Turku Universitetində (Finlyandiya), İqtisadi tədqiqatlar üzrə Beynəlxalq Mərkəzdə (İtaliya), Kiel Universitetində (Almaniya) dəvətli professor kimi çalışmışdır. 30-dan çox universitetdə, o cümlədən, Harvard Universitetində, Massaçusets Texnologiya İnstitutunda, Standford, Merilənd, Rays Universitetində, La Sapienza Universitetində, London iqtisadi məktəbində və s. dəvətli məruzəçi kimi çıxış etmişdir.
Seminarda geniş təqdimatla çıxış edən professor Fuad Ələsgərov “Şəbəkə analizi”nin əsas mahiyyəti, bu sahədə uzun illər apardığı tədqiqatlar və onların nəticələri barədə məlumat verib. Alim bank sektorunda kreditləşdirmənin özünün müəllifi olduğu şəbəkə analizi metodu ilə təhlilini və qiymətləndirilməsini həyata keçirib. Qiymətləndimələr üzrə iki indeks hazırlanıb – Bundle və Pivotal indeksləri. Bu qiymətləndirmə modellərindən Rusiya və Türkiyə banklarında istifadə olunub. İndekslər bank kreditləri bazarında mövcud vəziyyəti riyazi yollarla təhlil etməyə imkan verir. “Şəbəkə analizi” metodu ilə beynəlxalq əhali miqrasiyasının sosial-iqtisadi təsirləri də qiymətləndirilib.
F.Ələsgərov daha bir tədqiqatı - dərin qeyri-müəyyənlik şəraitində ərzaq təhlükəsizliyi problemlərinin şəbəkə analizi haqqında geniş danışıb. Bu analiz ayrı-ayrı ölkələrdə yerli istehsalı, idxal və ixracı nəzərə almaqla ərzaq təhlükəsizliyini, əhalinin qidalanma səviyyəsini, böhran və təbii fəlakətlərin ölkələrin ərzaqla təminatına təsirlərini ölçməyə və qiymətləndirməyə imkan verir. Alimin tədqiqatlarının nəticələri, o cümlədən, 5 kitabı Springer nəşriyyatında çap olunub.
Sonra suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.





