Martın 18-də Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunda i.f.d Elnur Zeynalovun sədrliyi ilə Gənc Alimlər və Mütəxəssislər Şurasının növbəti toplantısı keçirilib.
Öncə İnstitutun icraçı direktoru, dosent Famil Rüstəmov 2026-cı il mayın 17-dən 22-dək Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası, dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən biri kimi ölkəmiz üçün əhəmiyyəti, Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfələr barədə danışıb. Bu tədbiri həm də ölkəmizin etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisi kimi xarakterizə edib. Bildirib ki, tədbir çərçivəsində mənzil təminatı, torpaqdan istifadə, şəhərsalma, idarəetmə və iştirakçılıq kimi mühüm problemlər müzakirə ediləcək ki, burada müxtəlif maraqlı tərəflərin fikirlərini dinləməklə yanaşı, hamı üçün əlçatan mənzil təminatı, qeyri-rəsmi yaşayış məskənlərinin transformasiyası, urbanizasiya, şəhərsalma, miqrasiya, bərpa və yenidənqurma prosesləri, habelə iqlim davamlılığının gücləndirilməsi məqsədilə atılacaq addımların müəyyənləşdirilməsi kimi əsas məsələlərə toxunulacaq. Bütün bu məsələlər Azərbaycan üçün də aktual mövzulardır və müzakirə üçün yaxşı fürsət yaradan bir platformadır ki, həm də ölkəmizin potensial imkanlarını təqdim etməyə imkan verəcəkdir.
İnstitutun "Demoqrafiya və məşğulluq problemləri" şöbəsinin elmi işçisi, i.f.d. Nüsrət İbrahimov "WUF-13 kontekstində urbanizasiya proseslərinin demoqrafik nəticələri: Urbanizasiya-Demoqrafiya Transformasiyası İndeksi (Azərbaycan timsalında)" mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, şöbənin digər əməkdaşı, i.f.d. Akifə Ağayarova ilə birlikdə aparılmış tədqiqat çərçivəsində Azərbaycanda demoqrafik göstəricilərin ümumi təhlili aparılıb, Ümumdünya Şəhərsalma Forumunda müzakirə edilən məsələlər və əhəmiyyəti, ölkəmizdə urbanizasiya ilə demoqrafiyanın qarşılıqlı əlaqəsi, bu konteksdə işğaldan azad edilmiş ərazilərdəki vəziyyət təhlil edilib, Urbanizasiya-Demoqrafiya Transformasiyası İndeksinə baxılıb. Məruzəçi qeyd olunan məsələlərlə bağlı apardıqları tədqiqatın əsas nəticələrini təqdim edib.
Tədbirə qatılan İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli gənc tədqiqatçıların təqdimatını və apardıqları tədqiqatların nəticələrini yüksək qiymətləndirib, onlara öz tövsiyələrini çatdırıb, gələcək tədqiqatlarında uğurlar arzulayıb.
Sonra suallar cavablandırılıb, maraqlı müzakirələr aparılıb, təklif və tövsiyələr qeyd olunub.





