Aprelin 9-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib. Baş direktor, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə edilib.
İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.e.d., dosent Allahyar Muradov “İqtisadi artım və ictimai rifah” jurnalının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təqdimatla çıxış edib. Uzun illərdir nəşr edilən bu elmi nəşrin təkmilləşdirilməsinə ehtiyac yarandığını qeyd edib. Jurnalda elmi məqalələrin çapı üzrə yeni şərtlər, beynəlxalq çağırışlara uyğun yeni tələblər və standartlar, keyfiyyətin yüksəldilməsi, sitatlanma məsələləri, şəffaflıq və etik qaydalar, əsərlərin nəşr prosesinin əsas mərhələləri, xüsusən də məqalələrin rəyə göndərilməsi barədə geniş məlumat verib. Bildirib ki, jurnalın saytı texniki baxımdan təkmilləşdiriləcək.
Sonra Elmi Şurada “İqtisadi artım və ictimai rifah” jurnalının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Jurnalın redaksiya heyətinin tərkibi, dos. A.Muradov isə jurnalın baş redaktorunun müavini təsdiq olunub. İnstitutun əməkdaşları Cavanşir Burhanzadə və Gülnar Qədirova jurnalın texniki və əlaqələndirici heyətinə daxil ediliblər.
İqtisadiyyat İnstitutunun elmi katibi, i.e.d. Leyli Allahverdiyeva Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının təsdiq etdiyi “Elmi etika kodeksi” haqqında Elmi Şura üzvlərinə geniş məlumat verib. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tərəfindən təsdiqlənmiş “Elmi etika kodeksi” akademik dürüstlük prinsiplərinin pozulmasına qarşı geniş tədbirlər nəzərdə tutur. "Elmi etika kodeksi" dissertasiyalar, elmi məqalələr və digər nəşrlər, tədqiqat zamanı toplanmış məlumatlar və verilənlər bazaları, proqram təminatı, kod və alqoritmlər, laboratoriya və sahə qeydləri, qrant və layihə hesabatları, təqdimatlar və tədqiqatın nəticələrini əks etdirən digər elmi materiallara şamil edilir.





