(1913, London, Böyük Britaniya – 1991, Kembric, Böyük Britaniya)
Əsərləri: “Bazar tələbinin təhlili” (1945), “Birləşmiş Krallıqda istehlakçı xərclərinin və davranışının ölçülməsi, 1920-1938” (1954), “Milli hesablarda kəmiyyət və qiymət indeksləri” (1956), “Sosial mühasibat və iqtisadi modellər” (1959), “Milli gəlir və xərclər” (1961), “Milli hesabların qiymətləndirilməsinin dəqiqliyi” (1961), “İqtisadi artımın hesablanma modeli” (1964), “Sosial elmlərdə riyaziyyat” (1966), “İqtisadiyyatın riyazi modelləri” (1970), “Sosial və demoqrafik statistika sistemi” (1975), “Milli hesabların balanslaşdırılması: ilkin hesablamaların düzəlişi” (1984).
Riçard Stoun XX əsrin görkəmli ingilis iqtisadçılarından olmuşdur. O, istehlakçı tələbi statistikası və tələbin modelləşdirilməsi, iqtisadi artım və gəlirlər-xərclər üzrə tədqiqatları ilə məşhurdur.
Stoun balanslaşdırılmış milli hesabların bir-biri ilə əlaqəli sisteminin yaradılmasına böyük töhfə vermişdir. O, investisiyaları, dövlət xərclərini və istehlakı ölçmək üçün ilk konkret statistik vasitələri təklif etmişdir. Bu modellər mahiyyət etibarilə milli mühasibat uçotu sistemi ilə nəticələnmişdir və bütün dünyada tətbiq edilir.
İqtisadçı həmişə milli hesablarını matris formatında təqdim etməyə üstünlük verirdi ki, hər bir hesab vahid matrisin sırası (gəlirləri) və sütunları (xərcləri) kimi görünürdü. Bu uçot matrisində milli məhsul, istehlak və ya ticarət balansı kimi standart kəmiyyətlərin öz yeri vardır. Burada müfəssəl qeydlər iqtisadiyyatın strukturu və fəaliyyəti haqqında tam təsəvvür yaradır.
Stoun həmçinin istehlakçı davranışının ölçülməsi ilə bağlı da mühüm işlər görmüşdür. O, istehlakçıların faydalı funksiyalarını qiymətləndirmək üçün istehlak xərcləri, gəlirləri və qiymətlərini istifadə edən ilk şəxs olmuşdur. Alim istehlakçıların xərclərini təhlil edən modellər təqdim etmişdir.
Riçard demoqrafik artımın və təhsilin sosial aspektləri haqqında geniş tədqiqatlar aparmışdır. O, bir sıra sosial və demoqrafik hesablar yaratmış, burada hesab vahidi kimi insanların olduğu “demoqrafik matrisdə” fərdlərin hərəkətini (axınını) göstərmişdir. Təhsil üzrə, məsələn, demoqrafik matris müəyyən bir dövrün əvvəlində və sonunda müxtəlif mərhələlərdə (körpəlik, təhsil, məşğulluq, işsizlik, pensiya və ölüm) fərdlərin sayını göstərir. Demoqrafik matris daha sonra müxtəlif qrupların gəlir və xərclərini əhatə edən əməliyyatları ölçən “iqtisadi matris” ilə əlaqələndirilirdi. İki hesab arasında əlaqə bütün qeyri-istehsal hesabların müvafiq konsolidasiyası yolu ilə əldə edilirdi. Beləliklə də, məsələn, təsərrüfat hesablarında əmək anlayışı birbaşa demoqrafik hesablardakı qeydlərlə əlaqələndirilə bilirdi.
Alim iqtisadiyyatın şoklara tab gətirmək və onlardan tez sağalmaq qabiliyyəti kimi müəyyən etdiyi iqtisadi dayanıqlığın öyrənilməsi sahəsində öncüllərdən idi. Onun fikrincə, iqtisadi dayanıqlıq təkcə şokdan geri qayıtmaq qabiliyyəti deyil, həm də yeni şəraitə uyğunlaşmaq və dəyişmək bacarığıdır. Bu, iqtisadi strukturla sıx bağlıdır. O iddia edirdi ki, müxtəlif sənaye sahəli və ixracatlı iqtisadiyyatlar bir sənaye sahəsinə və ya əmtəəyə çox güvənən iqtisadiyyatlara nisbətən şoklara daha davamlıdır. Həmçinin yüksək təhsil və təlim səviyyəsi, düzgün yürüdülmüş hökumət siyasəti və beynəlxalq əməkdaşlıq da iqtisadi dayanıqlığın artırılmasında əsas rol oynayır.
Stoun qiymət indeksləri nəzəriyyəsi, mövsümi düzəlişlər və milli hesablarda ölçmə xətalarının aradan qaldırılması üsulları ilə bağlı mühüm işlərin də müəllifidir.
P.S. İngilis iqtisadçısı və statistiki Riçard Stoun ailənin yeganə övladı olmuşdur. Vestminster məktəbində oxumuşdur. Orta məktəbə qədər ona riyaziyyat və təbiət elmləri tədris edilməmişdir. Daha sonra Kembric Universitetində Kinqs kollecində təhsil almışdır.
17 yaşında olanda atası Madras (indiki Çennay) şəhərinə hakim təyin olunduğu üçün onunla birgə Hindistana getmişdir. Buradan sonra bir çox Asiya ölkələrini, o cümlədən Malayziya, Sinqapur və İndoneziyanı ziyarət etmişdir. Bir illik səyahətin ardınca Londona qayıtmış, 1931-ci ildə Kembricdə kollecdə iki il hüquq təhsili almışdır. Gənc Stoun daha sonra iqtisadiyyatı öyrənməyə başlamışdır. 1930-cu illərin Böyük Depressiyası zamanı işsizliyin çox yüksək səviyyədə olduğu bir dönəmdə o, bunun əsas səbəblərinin nə olduğunu və onun necə aradan qaldırılma yollarını bilməyə çalışmışdır. Riçard “əgər iqtisadçılar daha çox olsaydı, dünya daha yaxşı yer olardı” deyə düşündüyü üçün iqtisadiyyatla maraqlanırdı. Onun məhz bu elm sahəsini seçməsi hüquqşünas olmasını arzulayan valideynlərini məyus etmişdir ki, bu da Stounun onlarla problem yaşamasına səbəb olmuşdur. Bununla belə, o, iqtisadçı olmaq üçün çox həvəsli idi və bu elmi öyrənməkdən həzz alırdı.
Kembric Universitetində təhsil aldığı zamanlarda onun statistika üzrə biliklərinin formalaşmasında müəllimi, bundan sonra isə ən yaxşı dostu olan iqtisadçı və statistik Kolin Klarkın böyük rolu olmuşdur. Məhz Klark Stounu ona ən böyük adı gətirmiş milli gəlirin ölçülməsi layihəsi ilə tanış etmişdir.
Təhsilini başa vurduqdan sonra Londonda “Lloyd” sığorta cəmiyyətinin iqtisadi məlumat bulletenini nəşr etməklə əmək fəaliyyətinə başlamış, daha sonra “Тrends” aylıq iqtisadi jurnalında calışmışdır.
II Dünya müharibəsinin alovlandığı dövrdə Ceyms Mid ilə birlikdə Britaniya hökumətində statistik və iqtisadçı kimi fəaliyyət göstərmişdir. Hökumətin tələbi ilə onlar müharibə zamanı ölkənin cari ümumi resurslarını nəzərə alaraq Britaniya iqtisadiyyatını təhlil etmişdilər. Məhz bu zaman onlar milli hesablar sisteminin ilkin versiyalarını işləyib hazırlamışdılar. Onların işi 1941-ci ildə Böyük Britaniyanın ilk milli hesablarının formalaşması ilə nəticələnmişdir. Bu işi Riçarda iqtisad elmi sahəsində tədqiqatlar aparmaqda geniş imkan yaratmışdır. Bundan sonra Con Meynard Keynsin dəvəti ilə Mərkəzi Statistika İdarəsində işə başlamış və onun köməkçisi olmuşdur. O, 1945-ci ildə müharibə bitəndə hökumət işindən ayrılmışdır.
Dövlət xidmətindən getdikdən sonra həmin ildə Kembric Universitetində yeni yaradılmış “Tətbiqi iqtisadiyyat” departamentinin ilk direktoru təyin edilmiş və bununla da akademik karyerasına başlamışdır. Direktor kimi Stoun departamentin diqqətini iqtisadi nəzəriyyə və statistik metodologiya üzrə tədqiqat proqramlarına yönəltmişdir. 1955-ci ildən 1980-ci ilə qədər, yəni istefaya gedənə qədər isə burada “Maliyyə və mühasibat” kafedrasına rəhbərlik etmişdir.
Alim çoxsaylı fəxri adlara və mükafatlara layiq görülmüşdür. 1978-ci ildə zadəgan titulu qazanmışdır. Kembric (1955), Oslo (1965), Brüssel (1965), Cenevrə (1971), Uorvik (1975), Sorbonn (1977) və Bristol (1978) universitetlərinin fəxri adlarını almışdır.
“Milli hesablar sisteminin yaradılması sahәsindәki yenilikçi işlәrinә görә” 1984-cü ildә, 71 yaşında olarkən İqtisad üzrə Nobel mükafatına layiq görülmüşdür. O, bu sahədə çalışan ilk iqtisadçı olmasa da, ikili mühasibat uçotu ilə bunu edən ilk şəxs olmuşdur. Balans hesabatının bir tərəfindəki hər bir gəlir maddəsi digər tərəfdə xərc maddəsi ilə uyğunlaşdırılmalı və beləliklə, ardıcıllıq təmin edilməli idi. Bu sistem müasir mühasibat uçotunun əsasını təşkil edir və milli gəliri ölçmək üçün geniş qəbul edilmiş üsul hesab edilir. Milli hesablar problemini tədqiq edərək hesabların tam uzlaşması sistemini irəli sürməsi onun iqtisad elmi qarşısında mühüm xidməti sayılır. Ümumiyyətlə, Stoun “milli gəlir uçotunun atası” kimi tanınır.
Stoun Kral Kollecinin fəxri üzvü (1945), Britaniya Akademiyasının üzvü (1956), Ekonometrika Cəmiyyətinin prezidenti (1955) olmuş, 1978-1980-ci illərdə Kral İqtisadi Cəmiyyətinə rəhbərlik etmişdir. 1978-ci ildə yaradılan Kembric Ekonometrika Cəmiyyətinin ilk fəxri prezidenti seçilmişdir.
Riçard Birləşmiş Millətlər Təşkilatında və Avropa İqtisadi Əməkdaşlıq Təşkilatında da çalışmışdır.
Stoun üç dəfə evlənmişdir. Ömrünün son illərində sağlamlıq problemləri yaşamışdır. O, 78 yaşında vəfat etmişdir.
Hazırladı:
Gülnarə Fətəliyeva, ETN İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin aparıcı elmi işçisi, i.f.d.





