Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun yaradılmasının 68 illiyi münasibəti ilə iclas keçirilmişdir. 1958-ci il aprelin 14-də təsis edilmiş İqtisadiyyat İnstitutunda aprelin 14-ü hər il “İnstitut günü” kimi də qeyd olunur.
Tədbiri giriş sözü ilə açan ETN İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli İnstitutun yaranması tarixindən, keçdiyi şərəfli inkişaf yolundan, Azərbaycan iqtisad elminə və ölkə iqtisadiyyatına verdiyi töhfələrdən, apardığı fundamental tədqiqatlardan danışıb. Bildirib ki, müstəqillik illərində İqtisadiyyat İnstitutu Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində uğurlu və sanballı elmi-tədqiqat işləri yerinə yetirmiş, peşəkar milli kadrların hazırlanması sahəsində mühüm xidmətlər göstərmişdir. Azərbaycanda fundamental elm mərkəzi olmaqla ölkədə tanınmış iqtisadçılar nəsli yetişdirmişdir. İqtisadiyyat İnstitutunu Azərbaycan iqtisad elminin flaqmanı, iqtisadi tədqiqatların əsas mərkəzi, hökumətin iqtisadi məsələlərdə yardımçısı kimi xarakterizə edən prof. N.Müzəffərli İnstitutun qarşısına qoyduğu əsas hədəfləri, vəzifələri, mühüm nəticələri, habelə hökumət qurumları ilə birgə uğurla həyata keçirilən layihələri, dövlət sifarişlərinin yerinə yetirilməsi məsələlərini də qeyd edib.
İclasda ETN İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov, gənc tədqiqatçı, böyük elmi işçi, i.f.d. Aygün Təhməzli, kadrlar şöbəsinin müdiri Yulduz Əliyeva, Gənc Alimlər Şurasının sədri, i.f.d. Elnur Zeynalov çıxış edərək İnstitutun Azərbaycanda iqtisad elminin inkişafındakı rolu, mövqeyi və əhəmiyyətindən, zəngin tarixi inkişaf yolundan danışıblar. İnstitutun fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı kollektivə gələcək elmi tədqiqatları sahəsində uğurlar arzulayıblar.
Prof. Şahbaz Muradov İnstitutla bağlı xatirələrini bölüşüb, burada işlədiyi uzun müddətli müxtəlif dövrlərdə kollektivin keçdiyi yol, elmi tədqiqatlar, kadrların yetişdirilməsi, əsas nailiyyətlər, ölkədə iqtisadiyyatın və iqtisad elminin inkişafı sahəsində görülən işlər barədə danışıb.
Gənc tədqiqatçılar Aygün Təhməzli və Elnur Zeynalov İnstitutun doktoranturasında uğurla təhsil almalarını, burada elmi işlərini yerinə yetirmələrini, diessertasiya işlərinin müdafiəsini, gənc alim kimi formalaşmalarında kollektivin və rəhbərliyin dəstəyini, bu proseslərin özünün şəffaf qurulmasını, gənc tədqiqatçılara yaradılan əlverişli şəraiti xüsusi qeyd ediblər.
Tədbirdə iştirak edən qocaman iqtisadçı alim, uzun illər İqtisadiyyat İnstitutunda işləmiş, şöbə müdiri olmuş, qiymətli əsərlər yazmış, bu yaxınlarda 90 yaşını qeyd edəcək dosent Cəlil Quliyev çıxış edib, öz xatirələrini bölüşüb, “İnstitut günü” münasibəti ilə bütün kollektivi təbrik edib.
Tədbirdə vurğulanıb ki, İqtisadiyyat İnstitutu Azərbaycan iqtisad elminin flaqmanı kimi öz üzərinə düşən missiyasını bundan sonra daha da irəli aparmaq əzmindədir. Strateji hədəfləri isə yaxın perspektivdə Azərbaycanda fundamental iqtisadi tədqiqatların real mərkəzinə, iqtisadi tədqiqatların əsas əlaqələndiricisinə, hökumətin kollegial ekspertinə və məsləhətçisinə çevrilməkdir.
Qeyd edək ki, “İnstitut günü” münasibəti ilə İnstitutun hər bir əməkdaşına 68 manat pul mükafatı verilib.





