Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu ilə Özbəkistanın Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin Perspektiv Beynəlxalq Tədqiqatlar İnstitutu arasında onlayn formatda görüş keçirilib. Tədbirə hər iki İnstitutu təmsil edən bir qrup şöbə və kafedra müdirləri, tədqiqatçılar qatılıblar.
Tədbiri giriş sözü ilə açan ETN İqtisadiyyat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ənvər İsmayıllı təmsil etdiyi elmi müəssisənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin Dünya iqtisadiyyatı kafedrasının müdiri, dosent Gövhər Sultanova təmsil etdiyi Universitet və İnstitut barəsində danışıb. Digər iştirakçılar da qardaş ölkələrin bu elmi tədqiqat institutları arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlıq əlaqələrinin qurulması, inkişafı ilə bağlı öz mülahizələrini, təkliflərini səsləndiriblər.
Görüşdə ETN İqtisadiyyat İnstitutu ilə Perspektiv Beynəlxalq Tədqiqatlar İnstitutu arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, xüsusən də birgə tədqiqatların aparılması, layihələrin həyata keçirilməsi, İnstitutların elmi jurnallarında məqalələrin nəşri, konfranslarda iştirak, qarşılıqlı doktorantura təhsili imkanları, dissertasiyaların müdafiəsində opponentlik və s. kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb (economics.org.az).





