Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun əməkdaşları – professor Tərbiz Əliyev, dosent Mahir Zeynalov və dosent Tariyel Qurbanov Xırdalanda yerləşən “Abşeron Özəl Sənaye Məhəlləsi”nin fəaliyyəti ilə yaxından tanış olublar. “Abşeron Özəl Sənaye Məhəlləsi” MMC-nin direktoru Teyyub Cabbarov iqtisadçı alimlərə sənaye məhəlləsinin yaradılması ideyası, əsas məqsədləri və hədəfləri, fəaliyyəti, burada yaradılan ən müasir standartlara uyğun infrastruktur, sahibkarlar üçün biznes imkanları barədə geniş məlumat verib.
T.Cabbarov bildirib ki, layihənin əsas məqsədi ölkədə sənaye ekosistemini gücləndirmək, innovativ texnologiyaların tətbiqini təşviq etmək və sahibkarlara yüksək səmərəliliklə fəaliyyət göstərə biləcəkləri funksional biznes mühiti təqdim etməkdir. Burada sahibkarlara müasir infrastruktur, xidmətlər və yüksək standartlara uyğun iş mühiti təqdim olunur. Rezidentlər burada sahələri icarəyə götürərək istehsal etdikləri məhsullarını həm Azərbaycan bazarında satışa çıxara, həm də digər ölkələrə ixrac edə bilərlər. Sənaye məhəlləsi onlara istehsal proseslərini genişləndirmək, xərcləri optimallaşdırmaq və bazar paylarını artırmaq üçün əlverişli şərait yaradır, müasir infrastruktur, geniş logistika imkanları və effektiv iş mühiti ilə sahibkarlara yerli və beynəlxalq bazarlarda rəqabət üstünlüyü qazandırır.
Abşeron Özəl Sənaye Məhəlləsi Azərbaycanda ilk özəl sənaye məhəlləsidir. Burada yaradılan kompleks ekosistem yalnız istehsal və logistika proseslərini optimallaşdırmaqla kifayətlənmir, həm də innovasiya yönümlü təşəbbüslərin formalaşmasına şərait yaradır. Belə ki, burada startapçıların ödənişsiz olaraq fəaliyyət göstərmələri, Sənaye Məhəlləsinin texniki imkanlarından istifadə etməklə innovativ layihələr hazırlamaq və sahibkarlara təqdim etmək imkanları yaradılıb. Özəl Sənaye Məhəlləsinin rezidenti olan sahibkarlar da burada pul ödəmədən təqdimatlar, iclaslar, konfranslar və s. tədbirlər keçirə bilərlər.
Xırdalanda əsas magistral yolun yaxınlığında əlverşli yerdə yerləşən Özəl Sənaye Məhəlləsinin 7,2 hektar ərazisi var. Burada sahibkarlar üçün ən müasir standartlara uyğun infrastruktur - yol, dayanacaq, bütün kommunal xidmətlər, internet, rabitə və təhlükəsizlik xidmətləri yaradılıb. Hətta müasir günəş panelləri quraşdırılıb ki, bu da Sənaye Məhəlləsini elektrik enerjisi ilə tam təmin etməyə imkan verir. Sahibkar müqavilə bağlamaqla və yerləşdiyi ərazinin sahəsinə uyğun aylıq ümumi bir məbləğ ödəməklə bütün xidmətlərdən yararlanmaq imkanları qazanır. Bununla yanaşı, sənaye məhəlləsinin rezidenti statusu almış sahibkarlar qanunvericilikdə sənaye məhəllələri üçün nəzərdə tutulmuş bütün vergi və gömrük güzəşlərindən yararlanmaq imkanları da qazanırlar. Sahibkar burada 150 kvadrat metrdən başlayaraq daha böyük ərazini (hazır ofis və ya bütün infrastruktur təminatı olan torpaq sahəsi) icarəyə götürüb, sənaye istehsalı ilə məşğul ola bilər.
Abşeron Özəl Sənaye Məhəlləsində fəaliyyət göstərən sahibkarlar aşağıdakı imtiyazlardan faydalana bilirlər: istehsal texnologiyasını qısa zamanda hazır infrastrukturda yerləşdirmək; gömrük rejimlərindən effektiv şəkildə istifadə etmək; özəl Sənaye Məhəlləsində rezidentlik şəhadətnaməsi əldə etmək, İnvestisiya Təşviqi Sənədi üzrə güzəştlərdən yararlanmaq - mənfəət vergisinin 50%-i həcmində güzəşt, istehsal üçün gətiriləcək avadanlıqlara görə idxal gömrük rüsumu və ƏDV-dən 100% azadolma.
Hazırda Abşeron Özəl Sənaye Məhəlləsində 4 rezident qeydiyyata alınıb, onlar toplam olaraq 2 milyon manat sərmayə yatıracaqlar və 50-dən artıq yeni iş yeri yaradılacaq. Digər sahibkarların da müraciətlərinə baxılır və rezidentlərin sayının artacağı gözlənilir (economics.org.az).





