Mayın 18-də ETN İqtisadiyyat İnstitutunun növbəti daimi elmi seminarı keçirilib.
İcraçı direktor, dosent Famil Rüstəmovun sədrliyi ilə keçirilən seminarda İnstitutun kitabxanasının müdiri, tarix üzrə fəlsəfə doktoru Şəfəq İslamova “Kitabxanaların rəqəmsal transformasiyası” mövzusunda məruzə ilə çıxış edib. Tədqiqatçı bu mövzuda apardığı tədqiqatlar əsasında monoqrafiya hazırlayıb.
Məruzəçi sosial-iqtisadi dəyişikliklər şəraitində kitabxanaların rəqəmsal mühitə adaptasiyası, çoxşaxəli funksiyaları, innovativ fəaliyyət istiqamətləri, süni intellekt, müəllif hüquqlarının qorunması, kibertəhlükəsizlik kimi aktual məsələlər barədə danışıb. Azərbaycanda kitabxanaların rəqəmsal mühitə uyğunlaşması sahəsində görülən işlərdən, elm və təhsil sahələrində rəqəmsal kitabxanaların yaradılmasından, müxtəlif ölkələrdə kitabxana-informasiya sistemlərindən, beynəlxalq təcrübədə müasir elektron kitabxana işinin təşkilindən söz açıb. Dünyada kitabxanaların 1 milyarda yaxın rəqəmsal oxucusunun olduğunu, bu sayın artan templə inkişaf etdiyini, Azərbaycanda da rəqəmsal oxucuların sayının getdikcə artdığını vurğulayıb.
Ş.İslamova ölkəmizdə kitabxanaşünaslıq sahəsində rəqəmsallaşdırma, innovasiyalar, süni intellektdən, informasiya texnologiyalarından istifadə, elektron kitablar fondunun formalaşdırılması, rəqəmsal xidmətlər, bütövlükdə elmi irsin rəqəmsallaşdırılmasının müasir vəziyyəti, problemləri və perspektivlərini qeyd edib.
Sonra seminar iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında maraqlı müzakirələr aparılıb.





