Aprelin 8-də İqtisadiyyat İnstitutunun yaradılmasının 66 illiyi münasibəti ilə tədbir keçirilmişdir. 1958-ci il aprelin 14-də təsis edilmiş İqtisadiyyat İnstitutunda hər il aprel ayında “İnstitut günü” qeyd olunur.
Tədbiri giriş sözü ilə açaraq əməkdaşları təbrik edən Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli İnstitutun yaranması tarixindən, keçdiyi şərəfli inkişaf yolundan, Azərbaycan iqtisad elminə və ölkə iqtisadiyyatına verdiyi töhfələrdən, apardığı fundamental tədqiqatlardan danışıb. Bildirib ki, İnstitut dövlət qurumları ilə sıx əməkdaşlıq edir, onların sifarişlərini yerinə yetirir, hökumətin 10-dan artıq işçi qruplarında ekspert qismində təmsil olunur. Habelə ölkənin aparıcı universitetləri ilə elm və təhsilin inteqrasiyası məqsədi ilə birgə layihələr həyata keçirilir. Qarabağda yeni iqtisadiyyat quruculuğu sahəsində İnstitutun apardığı tədqiqatlar dövlət tərəfindən yüksək qiymətləndirilir.
Sonra baş direktor “İnstitut günü” münasibətilə İnstitutun fəal gənc tədqiqatçılarına “Fəxri diplom”lar təqdim edib. Habelə 66 yaşlı İnstitutun hər bir əməkdaşına 66 manat pul mükafatı verilib.
Qeyd edək ki, İnstitutun əsas fəaliyyət istiqamətləri Azərbaycanın müstəqil milli iqtisadiyyatının sosial-iqtisadi inkişaf problemlərinin fundamental tədqiqidir. Azərbaycanda fundamental və tətbiqi iqtisadi araşdırmaların əsas mərkəzlərindən biri olan İqtisadiyyat İnstitutunda hazırda “Orta və uzunmüddətli dövrdə Azərbaycanda sosial-iqtisadi inkişafın milli prioritetlərinin reallaşdırılması istiqamətləri (2022-2025-ci illər)” mövzusunda tədqiqatlar aparılır. İnstitut öz tədqiqatlarında dövlət proqramlarının, strategiya və konsepsiyaların qarşıya qoyduğu məqsəd və vəzifələri əsas tutur. İnstitutun hazırda yerinə yetirdiyi elmi-tədqiqat istiqaməti Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə, eləcə də “AMEA 2020-2025-ci illər üçün inkişaf proqramına” uyğun olaraq müəyyənləşdirilmişdir. İqtisadiyyat İnstitutunun əməkdaşları tərəfindən ölkələrarası və regionlararası müqayisələrə əsaslanan 5 reytinq araşdırmaları aparılmışdır. Bu reytinqlər İnstitutun özünün təklif etdiyi metodologiya əsasında hazırlanmışdır.
İnstitutun strateji hədəfləri yaxın perspektivdə Azərbaycanda fundamental iqtisadi tədqiqatların real mərkəzinə, iqtisadi tədqiqatların əsas əlaqələndiricisinə, hökumətin kollegial ekspertinə və məsləhətçisinə çevrilməkdir. İqtisadiyyat İnstitutu Azərbaycan iqtisad elminin flaqmanı kimi öz üzərinə düşən missiyasını bundan sonra da yerinə yetirmək əzmindədir (economics.org.az).





