Aprelin 22-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. Baş direktor, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən toplantıda bir sıra təşkilati və çari məsələlər müzakirə olunmuşdur.
İnstitutun elmi katibi, i.e.d., dos. Leyli Allahverdiyeva “Azərbaycanda turizm: son illərin dinamikası” adlı bülletenin təqdimatı ilə çıxış edib. Bülleten Azərbaycanda son illər ərzində turizm sahəsində baş verən dəyişikliklərin, əldə edilmiş nailiyyətlərin və mövcud inkişaf imkanlarının ümumi analitik icmalıdır. Ölkəmizdə turizm sahəsinin rəqabətqabiliyyətliliyini müqayisəli şəkildə təhlil etmək məqsədilə bülletendə AR Dövlət Statistika Komitəsinin (AR DSK) məlumatları ilə yanaşı, beynəlxalq qurumların statistik bazalarına da müraciət olunmuşdur. Bülletendə istinadı göstərilməyən bütün statistik məlumatların, o cümlədən qrafik və diaqramların mənbəyi AR DSK-dır. Dünyanın müxtəlif ölkələrində turizmin rəqabətqabiliyyətliliyini ölçən indekslərin həmin ölkələrin iqtisadi inkişaf səviyyələrinə təsirinin təhlili müəyyən mülahizələr irəli sürməyə imkan verir.
Sonra “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Gülnarə Fətəliyeva “Azərbaycanda rəqəmsal transformasiya – 2023” adlı bülletenin təqdimatı ilə çıxış edib. Bülletendə respublikada iqtisadiyyatın rəqəmsal transformasiyası sahəsində dövlət tənzimlənməsinin əsas istiqamətləri, bu sahədə müasir vəziyyət verilmiş, onun inkişaf xüsusiyyətləri təhlil edilmişdir. Həmçinin, rəqəmsal transformasiya ilə bağlı müxtəlif göstəriciləri əhatə edən indekslərə istinad edilməklə, Azərbaycan və ona qonşu ölkələrin mövqeyi ilə bağlı müqayisəli təhlillər aparılmış, ölkəmiz üçün güclü və zəif tərəflər müəyyənləşdirilmişdir. Sonda iqtisadiyyatın rəqəmsal transformasiyasının sürətləndirilməsi ilə bağlı ümumiləşdirmələr aparılmış, təklif və tövsiyələr verilmişdir. Bülletenin hazırlanması zamanı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin və müxtəlif beynəlxalq təşkilatların – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Birləşmiş Millətlər Təşkilatının, Avropa Birliyinin, Beynəlxalq Telekommunikasiya İttifaqının, Dünya Bankının, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının hesabatlarından və statistik məlumatlarından istifadə olunmuşdur.
İclasda Təhsil şöbəsinin müdiri, i.f.d. Ellada Xankişiyevanın təqdimatı əsasında İqtisadiyyat İnstitutunun doktorantura və dissertanturasına ödənişli yerlərə qəbul üzrə təhsil haqqı məbləğləri təsdiq olunmuşdur.
Elmi Şuranın təkibinə dəyişiklik edilmiş, "Aqrar sektorun iqtisadi problemləri” şöbəsinin yeni müdiri, dosent Famil Rüstəmov Şuranın təkibinə daxil edilmişdir.
İclasda Həmkarlar Təşkilatının sədri dos. Pərviz Həsənov yubiley yaşları münasibəti ilə İnstitutun əməkdaşları - dos. Leyli Allahverdiyeva, baş mühasib Yelena Beqdayeva və dos. Mətanət Abdalovanı təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb, onlara gül dəstələri tədim olunub (economics.com.az).





