Mayın 2-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. Baş direktor, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən toplantıda bir sıra təşkilati və cari məsələlər müzakirə olunmuşdur.
Baş direktor məlumat verib ki, Post-konflikt ərazilərin bərpası Elmi Mərkəzinin kiçik elmi işçisi Ənvər İsmayıllı İqtisadiyyat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin olunub. Ə.İsmayıllı Elmi Şuranın tərkibinə daxil edilib.
İnstitutun elmi katibi, i.e.d., dos. Leyli Allahverdiyeva "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı 2024-cü il üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tədbirlər planı”na uyğun olaraq, İnstitutda COP29-un müxtəlif aspektlərini əhatə edən mövzularda elmi müzakirələrin keçirilməsi barədə məlumat verdi.
Elmi Şurada İqtisadiyyat İnstitutunun Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri şöbəsinin müdiri, i.e.d., professor Rəna Sultanova "Sudan səmərəli istifadə qlobal problem kimi" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycanda su ehtiyatları və formalaşması, əsas su mənbələri, dünyada və Azərbaycanda su çatışmazlığı, quraqlıq problemləri, sudan səmərəli istifadə, itkilər, kənd təsərrüfatının suvarma və əhalinin daimi təmiz içməli su ilə təminatı məsələləri, yeni su kanallarının, anbarların tikintisi, dövlətin müstəqillik illərində bu sahədə gördüyü işlər, layihələr, işğaldan azad olunmuş ərazilərin zəngin su ehtiyatlarından səmərəli istifadə imkanları barədə danışıb.
Sonra mövzu ətrafında geniş müzakirələr aparılmış, suallar cavablandırılmışdır (economics.org.az).





