Sentyabrın 7-8-də Şamaxı Rayon İcra Hakimiyyətinin və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində növbəti Üzüm və Şərab Festivalı təşkil olunub. Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, ölkəmizdə üzümçülük və şərab istehsalı tarixini, bu sahədə görülən işləri geniş ictimaiyyətə çatdırmaqdır. Tədbir yerli sakinlər və turistlərin böyük marağına səbəb olub.
Festivalda ETN İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı - “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması” layihəsinin tədqiqat qrupunun koordinatoru, professor Tərbiz Əliyev, qrupun üzvləri Şakir Alıyev, Mahir Zeynalov, Famil Rüstəmov və Ədalət Əzizov iştirak ediblər, şərab istehsalçılarının məhsulları ilə tanış olublar, Azərbaycanda şərabçılığın ənənələri, potensialı və perspektiv inkişaf imkanları ilə bağlı sahibkarlarla müzakirələr aparıblar.
“Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunan festivalda ziyarətçilər üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanışlıq imkanı qazanıblar, müxtəlif əyləncə və şou proqramlar təqdim olunub. Tədbirdə şərab istehsalçıları, şərabçılıq turizmi ilə məşğul olanlar, rəsmi və media nümayəndələri, şərab həvəskarları iştirak ediblər. Ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dadıb, onlara şərab növləri haqqında məlumat verilib, həmçinin satışı təşkil olunub. Üzüm və Şərab Festivalı həm də şərab istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsət yaradıb.
Festival ərazisində sərgi, əyləncə, müxtəlif master-klass zonaları və tanınmış restoranların pavilyonları quraşdırılıb, 23 şərab evinin iştirakı təmin olunub. Bu cür tədbirlərin keçirilməsi şərabçılıq və üzümçülük sahəsinin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Şamaxı hələ qədimdən üzümçülüyün inkişaf etdiyi bölgələrimizdən biri, üzüm istehsalının paytaxtı kimi məşhurdur. Hazırda rayonda yeni salınan üzüm bağlarının ərazisi 1,7 min hektardan çoxdur .
Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədilə yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.





